Aprelin 1-dən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Qarabağ uşaqların gözü ilə” respublika onlayn videoçarx müsabiqəsinə start verilib.

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi Qarabağın tarixi, mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti, adət-ənənələri barədə məktəblilərin maarifləndirilməsi, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması, istedadlı uşaq və gənclərin aşkar edilməsidir.

Üç yaş qrupu (6-9, 10-13, 14-17) və 2 mərhələdə keçirilən müsabiqə üzrə tələblər bunlardır: videoçarx videokamera, planşet və ya mobil telefon vasitəsilə çəkilə bilər, videoçarx məktəbli (dərnək üzvü) tərəfindən çəkilməlidir. Peşəkarlar tərəfindən çəkilən videoçarxlar qəbul edilmir. Videoçarxın müddəti 3 dəqiqədən artıq olmamalıdır.

Birinci mərhələ aprelin 1-dən mayın 20-dək olacaq. Bu mərhələdə respublikada fəaliyyət göstərən hər bir ümumtəhsil məktəbi və uşaq-gənclər inkişaf mərkəzi münsiflər heyəti təşkil edir və hər yaş qrupu üzrə seçilmiş 1 videoçarxı 2-ugim@mail.ru elektron poçt ünvanına göndərməlidir.

İkinci mərhələ mayın 21-dən iyunun 1-dək müddəti əhatə edir. Bu mərhələdə münsiflər heyəti tərəfindən təqdim edilən işlər müvafiq meyarlar üzrə qiymətləndirilir və qaliblər seçilir.