«World Food Azerbaijan 2010» sərgisində 18 ölkədən 85 şirkət iştirak edir
Mayın 19-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində 16-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi (“World Food Azerbaijan 2010”) sərgisinin açılışı oldu. «İteca Caspian LLC” və “İTE Group PLC” şirkətləri tərəfindən təşkil edilən sərginin keçirilməsinə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstək verilib. Qeyd edək ki, builki sərgidə dünyanın 18 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Bolqarıstan, Latviya, Pakistan, Rusiya, ABŞ, Türkiyə, Ukrayna və digər ölkələrdən 85 şirkət iştirak edirdi.
Sərginin açılışında çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç dedi ki, qida sənayesi dünyada ən vacib sahələrdən biridir. Ona görə də qida təhlükəsizliyini təmin etmək bütün dünyanın problemidir və insanların bu problemi birgə həll etməsi lazımdır. Səfir bildirdi ki, sərgidə Türkiyədən 10 şirkət iştirak edir.
Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev ölkəmizdə biznesin inkişafı istiqamətində görülən tədbirlərdən danışdı və bildirdi ki, artıq bir sıra Azərbaycan şirkətləri öz məhsullarını dünya bazarına çıxarıblar.
Dünyadakı qlobal iqtisadi böhrana rəğmən bu gün belə bir sərginin ölkəmizdə keçirilməsinin sevindirici hal olduğunu deyən “İteca Caspian” şirkətinin rəhbəri Fərid Məmmədovun sözlərinə görə, xarici şirkətlərlə yanaşı, sərgidə yerli - ”Badamlı”, “Beta”, “Jalə”, “John Deere”, “PalSüd” və digər məşhur ticarət nişanları da təqdim olunur. Sərginin ümumi iştirakçılarının 60 faizini yerli şirkətlər təşkil edir. Macarıstan, İran, Fransa, ABŞ, BƏƏ və digər ölkələrdən olan şirkətlər ilk dəfə sərgidə iştirak edirlər.
“Delimanco” ilə saatda 600 pirojna
Açılış mərasimindən sonra sərgi iştirakçılarının bir neçəsi ilə həmsöhbət olduq. Bərdə Yağ-Pendir MMC-nin təmsilçisi İlham Qasımov bildirdi ki, təmsil etdiyi müəssisə ötən əsrin 70-ci illərində yaradılıb. Onun sözlərinə görə, sözügedən zavod fəaliyyətdə olduğu müddətdə gündəlik 60 ton süd emal edərək müxtəlif çeşiddə təbii süd məhsulları istehsal edib ki, bu məhsullar da nəinki respublikamızda, hətta keçmiş Sovet İttifaqının digər regionlarında da öz keyfiyyət nişanı ilə tanınıb: «1993-cü ildən bu günə qədər respublikamızda yaranan iqtisadi və siyasi sabitlik nəticəsində aparılan özəlləşdirmə proqramı çərçivəsində bir çox müəssisələr kimi, Bərdə Yağ-Pendir Zavodu da özəlləşdirilib və səhmdar cəmiyyətə çevrilib. Hazırda zavod fermerlərdən gündəlik 30 ton süd tədarük edərək, ən son texnologiyalar və dünya standartlarına uyğun olan müxtəlif çeşiddə təbii süd məhsulları istehsal edir».
“Delice-İran” şirkətinin direktoru Yaşar Kahribi bildirdi ki, dünyada 10 il ərzində 500-dən artıq “Delimanco” şöbəsi yaradılıb: «Bu texnologiya vasitəsilə bir saat ərzində 600 ədədə qədər məhsul istehsal olunur. Koreyalıların istehsalı olan “Delimanco” cihazı ilə yüksək keyfiyyətli pirojna insanın gözü qarşısında istehsal olunur. Tez bir zamanda istehsal olunan bu pirojna un, yumurta və bitki yağından hazırlanıb, içərisi isə kremlə doldurulur. Cihazın alış-veriş mərkəzlərində işlədilməsi münasibdir».
Sərgidə diqqətimizi cəlb edən lövhələrdən biri də Pakistanın “Hemani” şirkətinə məxsus idi. Şirkətin meneceri Əli Abbas Xakunun dediyinə görə, əsası 1949-cu ildə qoyulmuş “Hemani” bitki ticarətində böyük təcrübəyə malikdir: «Müştərilərin daha təbii yolla faydalanması üçün bitki mənşəli məhsullar istehsal edirik. Məhsullarımız artıq Şimali Afrika ölkələrində və Şimali Asiyanın bazarlarında ad qazanıb. Əsasən bitki çayı, bitki yağları, ətriyyat və kosmetik vasitələr istehsal edirik. Azərbaycanda hazırda bizim brendimiz yoxdur, amma çox istərdik ki, olsun və məhsullarımız satılsın. Çünki sizin insanlar bizim məhsullarla çox maraqlanırlar”.
«Böyrək suyu» - böyrəyin təbii dərmanı...
Naxçıvanda fəaliyyət göstərən “Böyrək suyu” MMC-nin sədri Kamran İsmayılov bildirdi ki, 2005-ci ildən “Böyrək” mineral süfrə suyu və “Savalan-Naxçıvan” böyrək mineral süfrə suyunun qazlı və qazsız formada istehsalına başlayıblar: «Naxçıvanın Şahbuz rayonunun Dayalıqlı kəndində fəaliyyət göstəririk. «Savalan» mineral suyu isə Babək rayonunun Sirab kəndində istehsal edilir. Bu sular böyrək suyu su bulağından götürülür. Suyun götürüldüyü quyunun dərinliyi 76 metrdir. Bu su böyrək daşı və iltihabı xəstəlikləri üçün çox faydalıdır».
Sərgidə Bərdə, Daşkəsən, Qəbələ, Salyan, habelə Azərbaycanın digər rayonlarının yerli zavod və fabriklərinin məhsulları - ət, süd və quş əti məhsulları, konservləşdirilmiş məmulatlar, dondurma, meyvə- tərəvəzlər, uşaq və pəhriz qidaları, tütün, bal və digər ənənəvi bölmələr nümayiş olunurdu. Qeyd edək ki, sərgi bu gün (21 may) işini başa vuracaq.
Onu da bildirək ki, artıq növbəti belə sərgilər yeni bir məkanda - “Bakı Ekspo” sərgi və konfrans mərkəzində keçiriləcək.
Fəxriyyə Abdullayeva