Biz İraq türkmənləri olaraq Azərbaycanın öz ərazilərini düşmən işğalından azad etməsinə, ərazi bütövlüyünün bərpa olunmasına çox sevinir və bundan fərəhlənirik. İraq xalqı Azərbaycan xalqının öz torpaqları uğrunda mübarizəsini birmənalı olaraq dəstəkləyib. Azərbaycan xalqı əmin olsun ki, türkmən eli hər zaman onların yanındadır.
Bu sözləri Bakıda səfərdə olan İraq Parlamenti nümayəndə heyətinin üzvü Seyid Muxtar əl-Musəvi deyib.
O bildirib ki, həm Birinci Qarabağ müharibəsində, həm də 2020-ci ilin Vətən müharibəsi dövründə İraq türkmənlərinin ürəyi azərbaycanlılarla döyünüb: “Bizim dinimiz, dilimiz birdir. Hər zaman qardaş Azərbaycan xalqına dəstək verməyə hazırıq. Qarabağın işğaldan azad olunması bizləri çox sevindirdi, Qələbə Gününü biz də bayram etdik. Bu, böyük uğur, böyük Zəfərdir”.
Seyid Muxtar əl-Musəvi ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinə də toxunub. Diqqətə çatdırıb ki, xalqlarımızı birləşdirən digər mühüm amil böyük söz ustadı – İraqda, Kərbəlada yaşayıb-yaratmış Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin irsidir.