Azərbaycan-Özbəkistan rəsm müsabiqəsinə yekun vurulub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə ötən ilin fevral ayında elan olunan “Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsinə yekun vurulub.  Müsabiqədə iki ölkənin yeniyetmə və  gənc rəssamları iştirak ediblər.

Onlayn formatda keçirilən yekun tədbirdə AMM-in direktoru Samir Abbasov layihə haqqında məlumat verib. Bildirib ki, müsabiqədə iki ölkənin gənc rəssamlarının Qarabağa dair duyğu və düşüncələri, Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağda xalqımızın yaratdığı zəngin mədəni irs və ədəbiyyat nümunələri əksini tapıb.

Samir Abbasov Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı kimi tarixən türk dünyasına və bəşəriyyətə verdiyi töhfələrdən danışıb, dünyanın heç bir şəhərinin bu qədər mədəniyyət, sənət adamı yetişdirmədiyini qeyd edib. O, Şuşanın Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq, Prezident İlham Əliyevdən sitat gətirib: “Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva iki ölkə arasında tarixi dostluqdan danışıb, Vətən müharibəsi zamanı özbək ziyalılarının dünya birliyinə müraciət edərək Azərbaycanla həmrəylik nümayiş etdirmələrini yüksək qiymətləndirib. Q.Paşayeva Ermənistanın 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlaması, şəhər və kəndlərimizin, milli mədəni irsimizin tamamilə dağıdılmasından bəhs edib. O, AMM-in keçirdiyi layihəni yüksək qiymətləndirib, layihənin yalnız rəsm müsabiqəsindən ibarət olmadığını, xalqlarımız arasında möhkəm dostluq əlaqələri və körpü yaratdığını bildirib.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov iki ölkənin gənc rəssamlarının iştirak etdiyi müsabiqənin əhəmiyyətini qeyd edərək, nümayiş olunan rəsmlərdə Qarabağ bölgəsinin qədim tarixi, zəngin mədəni irsi, yetişdirdiyi dahi şəxsiyyətlər, gözəl təbiətinin canlandırıldığını vurğulayıb. O, Ermənistan işğalı dövründə milli mədəni irsimizin dağıdılması, mədəniyyətimizə vurulan ziyan barədə danışaraq hazırda həyata keçirilən bərpa işləri haqqında məlumat verib.

Özbəkistan Mədəniyyət Nazirliyinin təmsilçisi Marufjon Yuldashev qədim tarixə malik Azərbaycan-Özbəkistan dostluğunun bu gün də uğurla davam etdiyini, eyni soy-kök, mədəniyyət, adət-ənənələri bölüşən xalqlarımızın qardaş olduğunu söyləyib. O, yaradılmış rəsm əsərlərində Azərbaycanın təkrarsız mədəniyyətə, təbiətə malik Qarabağ bölgəsinin türk dünyası üçün də əvəzolunmaz bir məkan kimi əks olunduğunu vurğulayıb.

Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Türkiyənin Özbəkistandakı Səfirliyinin mədəniyyət və mətbuat məsələləri üzrə müşaviri Alparslan Akıncı, şair-publisist Əkbər Qoşalı, Bakıdakı Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov türk dünyası arasında birliyə xidmət edən layihəni yüksək qiymətləndirərək xalqlarımız arasında bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildiriblər.

Sonra Samir Abbasov rəsm müsabiqəsində seçilən əsərləri və qalibləri elan edib.

Müsabiqədə Azərbaycan tərəfdən gənc rəssam Fərəh Babayevanın qrafika üslubunda çəkdiyi “Qarabağ musiqiçilər məclisi” əsəri birinci, Lalə Hüseynovanın yağlı boya ilə Azərbaycan bayrağı fonunda çəkdiyi “Qarabağa qayıdış” kompozisiyası ikinci, Gülşən Baxşəliyevanın “Şuşanın panoraması” əsəri isə üçüncü yerə layiq görülüb. Həmçinin  Aytən Məmmədova, Sara Qədimova, Arzu Abduləzizova, Türkan Babayeva həvəsləndirici mükafatla təltif olunublar.

Özbəkistan tərəfdən gənc rəssam Gulnoz Calalovanın çəkdiyi “Qarabağ kəndi” əsəri birinci, Husniya Azadovanın “Qarabağlı qadın” portreti ikinci, Abrorjon İzzatullayevin “Qarabağ təbiəti: kükrəyən dağ çayı” tablosu üçüncü yerə layiq görülüb. Xudayar Atamuradova, İroda Xudayberqanova, Mircalol Xoliqova, Firangiz Komilcanova, İlgiz Hakimov həvəsləndirici mükafat alıblar.

Tədbirin yekununda müsabiqəyə təqdim olunan əsərlərin əsasında yaradılan videoçarx “Qarabağ şikəstəsi”nin sədaları altında nümayiş etdirilib.