Onun adını ilk dəfə orta məktəbdə oxuyanda televiziyanın musiqi verilişləri zamanı  titrlərdə oxumuşdum. Tanınmış estrada ifaçılarımızın oxuduğu mahnıların sözlərinin müəllifi kimi. İllər keçdi və zərif şeirlərin müəllifi olan şair, bəstəkar və əlbəttə ki, yazıçı İsmayıl Qarayevin qızı kimi tanıdım Xanım İsmayılqızını.

Onun mahnıları çoxaldıqca mənim də yaşım artırdı və bu gedişlə biz zamanın tələbi, dünyanın texnoloji yenilikləri sayəsində bu gün sosial şəbəkələrdə bir-birimizin dostu sayılırıq. Elə bu dostluğun xoş məqamlarından biri də budur ki, mütəmadi olaraq Xanım İsmayılqızının həm şəxsi düşüncələrini, həm də yaradıcılığını yaxından izləmək imkanım olur.

Xanım İsmayılqızı gənc yaşlarından bədii yaradıcılıqla məşğul olmağa başlayıb. Qələmini poeziya, publisistika və tərcümə sahəsində sınayıb, oxucular tərəfindən maraqla qarşılanıb. İlk dəfə bəstəkar Faiq Sücəddinovun onun sözlərinə yazdığı “Harda qaldın” mahnısı şair kimi vizit vərəqinə çevrilib.

300-dən çox mahnının müəllifi olan, şeirləri və bəstələri ilə qəlbimizin sarı simlərinə toxunan Xanım İsmayılqızı 10 aprel tarixində 65 illik yubileyini qeyd edəcək. Qəlbindən keçib misralara çevrilən şeirlərini,  müxtəlif illərdə verdiyi müsahibələri oxuyuram, mahnılarını dinləyirəm. Necə deyərlər, qarşımda bir ömür var: vərəq-vərəq... cümlə-cümlə, söz-söz... Gah sevinc, gah kədər, gah da dünyanın dua dolu nidaları boylanır bu ömrün səhifələrindən...

“Mənim yaradıcılıq yolum (istər bəstəkar, istər şairə kimi) uğurlu olub, bunu danmaq olmaz. Bu yola 90-cı illərdə qədəm qoydum. Onda ədəbiyyata bir çox imzalar gəldilər və… getdilər. Məni dinləyicilərin, oxucuların sevgisi saxladı. Axı şairlər bir qədər dəymədüşər olurlar. Əgər o sevgini görməsəydim, bir kənara çəkiləcəkdim, heç nə yaratmayacaqdım”, – deyir.

Bəlkə də dinləyicilərin qəlbində iz salan o qəmli, nisgilli, bəzən də bir həyat hekayəsi kimi dolğun olan şeirlərin müəllifinə sonsuz sevginin nəticəsidir ki, gənc yaşlı oğlunu itirən anaya belə güc verdi, onu yıxılmağa qoymadı... “Sevgi nədir” sualına “hissin ən müqəddəsi” cavabını verən Xanım İsmayılqızı bəzən ömrünü asılan ipə də bənzədir...

Həyatın bu əsintilərində isə o, ömür tərəzisinin hərdənbir ləngər vurduğunu da vurğulayır: “Ruhi baxımdan bəzən elə bilirəm ki, 100, bəzən 40, bəzən də elə bilirəm ki, 18 yaşım var. Ömür tərəzisi hərdənbir ləngər vurur. Bu, həyatın gedişatından və əhval-ruhiyyədən asılı olaraq dəyişir... Zamanında çox yanılır, səhv insanlara inanır, yaralar alır və səhv addımlar atırıq. Bütün bu təcrübələr imkan verir ki, qarşımdakını kitab kimi oxuya bilim. Hərdən hətta deyirəm ki, bütün insanları şəffaf görürəm”.

Bütün yazdıqlarında özü olan, fərqli mövzularda özünü, öz yaşantılarını şeirə, nota köçürən Xanım İsmayılqızı yaradıcılığı boyu nə yazıbsa, ürəkdən yazıb. “Ürəksiz yaradılan iş ürəyə toxuna bilməz” prinsipinə şairə kimi poeziyasında, tərcüməçi kimi peşəsində,  bəstəkar kimi musiqisində riayət edib.

Ömrünün pandemiya dönəminə düşən 65-ci ilində də yorulmadan çalışıb: “Keçən il bədbin notlarla başlasa da, onu nikbin əhvalla, ruh yüksəkliyi, möhtəşəm Qələbə ilə yola saldıq. Bu səbəbdən də ruhum, qələmim, ürəyim, hisslərim də itilənmişdi elə bil. Çox məhsuldar dövr oldu mənim üçün. Onlarla şeirlər, mahnılar yazıldı, vətənpərvər ruhlu əsərlər daha üstünlük təşkil etdi...”.

Yubileylə əlaqədar Azərbaycan Dövlət Tərcümə Mərkəzi Xanım İsmayılqızının “Adı olmayan fəsil” adlı kitabını nəşrə hazırlayır. “İlahi, yerimi demə” adlı digər kitabı da İranda çapa hazırlanır.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva yubilyarı qəbul edərək təbriklərini çatdırıb: “Bu görüşdən, xoş sözlərdən, səmimiyyətdən çox məmnun oldum. Yaradıcı insanın ən böyük mükafatı ona göstərilən diqqət, qayğı və sevgidir”.

Bir ağ vərəq, bir qələm
yetər ürək açmağa...
Bir piano bəsimdir
öz-özümdən qaçmağa...

– deyən yubilyarın yorulmayan qəlbinə və ruhuna sevgilərlə səslənərək deyirəm:  yazın, yaradın, əsərlərinizlə duyğularımıza sərinlik çiləyin...

LALƏ