Bəşəriyyətin bədii söz salnaməsində özünəməxsus yeri olan, dünya ədəbiyyatının günəşi hesab edilən dahi şair, mütəfəkkir Nizami Gəncəvinin bu il 880 illik yubileyi qeyd olunur. Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi qüdrətli söz ustadının insanlığı daim əxlaqi kamilliyə çağıran, yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin irsinin ölkəmizdə və onun hüdudlarından kənarda daha geniş şəkildə təbliğ və tədqiq olunması üçün yeni zəmin yaradır.

Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində əsilzadə ailəsində doğulub və 1209-cu ildə burada dünyasını dəyişib. Sağlığında “Şeyx Nizami” kimi çağırılan mütəfəkkirə həm hakim dairələrdə, həm də xalq arasında böyük ehtiram olub. Bu hörmətin əsasında Nizaminin müdrik şəxsiyyəti və ilkin Şərq İntibahının zirvəsi hesab edilən yaradıcılığı dayanır. Şairin yaradıcılığında dövrünün humanist, ümumbəşəri ictimai-siyasi və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapıb.

 

Xeyriyyə ocağı

 

Nizaminin XIII əsrin əvvəllərində Gəncədə qəbri üzərində ucaldılmış məqbərə şairə yüksək ehtiramın ifadəsidir. Bu məqbərə inşa olunduğu vaxtdan elm və irfan əhlinin ziyarətgahına çevrilib, əsrlər boyu təkcə yerli əhalinin deyil, Şərqin görkəmli mütəfəkkirlərinin, həmçinin nizamisevərlərin müqəddəs məkanı hesab edilib.

Novruz bayramı ilə bağlı tətildən istifadə edib Gəncəyə səfər zamanı şairin məqbərə kompleksində olduq, söz, hikmət ustadının ruhunun dolaşdığı məkan haqqında oxucularımıza məlumat vermək istədik. Qeyd edək ki, Nizami Gəncəvi məqbərə kompleksi ölkə başçısının sərəncamı ilə 2019-cu ildən Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibinə daxil edilib.

Vaxtilə görkəmli ədəbiyyatşünas, Nizami irsinin tanınmış tədqiqatçısı, mərhum akademik Həmid Araslı

“Nizaminin vəqfi haqqında yeni sənəd” məqaləsində məqbərənin keçmişi ilə bağlı maraqlı məlumatları diqqətə çatdırmışdı: “Nizami öldükdən sonra qəbri ziyarətgaha çevrilmiş, onun öz kəndinin gəlirlərindən başqa bizə məlum olmayan hökmdarlar və ya bivaris ölən adamlar tərəfindən bu məqbərəyə vəqflər edilib. XVI əsrdə məqbərə çox gəlirli vəqfi olan, gəlib-gedənlərə və yoxsullara hər gün yemək verən, müdərrisləri (müəllim) təmin edən bir xeyriyyə ocağı olub”.

Məqbərə Azərbaycan Atabəylər dövlətinin hökmdarı Qızıl Arslan tərəfindən Nizamiyə hədiyyə edilmiş Həmdünyan kəndinin (indiki Əhmədli) ərazisindədir. Hazırda yerli sakinlər bu əraziyə “Şeyx düzü”, yaxud “Şıx düzü” deyir. Şıx düzündə aparılan arxeoloji qazıntılar sübut edir ki, bu ərazi vaxtilə Gəncə şəhərinin bir növ fəxri xiyabanı olub. Nizaminin məqbərəsinin ətrafında Gəncənin başqa hörmətli şəxslərinin də məqbərələri olub.

XIX əsrin əvvəllərində çar Rusiyasının Qafqazda yeritdiyi işğalçılıq siyasəti nəticəsində Gəncə xanlığının süqutundan sonra, 1826-cı ildə Şıx düzündə baş verən döyüş (II Rusiya-İran müharibəsi – red.) zamanı məqbərə ciddi zədələnir və təmir edilmədiyindən xarabalığa çevrilir. 1840-cı illərdə tamamilə dağılmaq təhlükəsi qarşısında qalan  məqbərəni Qarabağ xanlığının tarixçisi Mirzə Adıgözəl bəy təmir etdirir. Təmir zamanı uçmuş günbəzin yerində yeni bir günbəz tikilir. Bir müddətdən sonra abidə yenidən yararsız vəziyyətə düşür.

1879-cu ildə Məkkə ziyarətinə gedən görkəmli şair və maarif xadimi Seyid Əzim Şirvani Nizaminin məqbərəsini ziyarət edir və onun acınacaqlı vəziyyətindən təsirlənərək məşhur rübaisini söyləyir:

Ey Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü-ehtişamı dağılan.
Olmayıbdır cahanda bir səninlə məntək,
Beyti, evi, məktəbi, kəlamı dağılan...

XX əsrin əvvəllərində isə Mirzə Adıgözəl bəyin nəslindən olan və Gəncənin polis rəisi işləyən Əjdər bəy Adıgözəlov günbəzi təmir etdirir.

1939-cu ildə Nizami Gəncəvinin 800 illik yubileyi ərəfəsində Nizami məqbərəsi yenidən gündəmə gəlir. 1940-cı ildə Şıx düzündə arxeoloji qazıntı işləri aparılarkən məqbərənin qədim qalıqları üzə çıxarılır. Müəyyən edilir ki, XIII əsrdə tikilən türbənin ümumi sahəsi 100 kvadratmetrdən çox, hündürlüyü 16,2 metr olub. Həmin dövrdə şairin məzarı üzərində məqbərənin ucaldılması məqsədilə Moskvadan arxeoloji ekspedisiya gəlir. İkinci Dünya müharibəsi səbəbindən bu məsələdə bir qədər fasilə yaranır. 1947-ci ildə Nizaminin məzarı üzərində yerli ağ daşlardan ucaldılan məqbərənin açılışı keçirilir.

70-ci illərin sonunda o zaman ölkəmizə rəhbərlik edən ulu öndər Heydər Əliyev Nizaminin 840 illik yubileyi ərəfəsində Moskvanın qarşısında ölməz şairin məzarı üzərində ona layiq bir abidənin ucaldılması ilə bağlı məsələ qaldırsa da, tarixi-siyasi proseslər üzündən bu istiqamətdə işlər uzun müddət ləngiyir. Nəhayət, 1991-ci ildə Ukraynadan gətirdilmiş qırmızı qranit daşlar və yerli tikinti materiallarından istifadə edilməklə Əməkdar memar Fərman İmamquliyevin layihəsi əsasında şairin 22,5 metr hündürlüyündə 8 guşəli əzəmətli məqbərəsi inşa edilir.

Prezident İlham Əliyevin Nizami Gəncəvinin 870 illik yubileyinin qeyd olunması haqqında 23 dekabr 2011-ci il tarixli sərəncamına əsasən, Nizami məqbərəsi yenidən qurulub.

 

Beşlik şəklində pilləkənlər və aynalar

 

Məqbərəyə daxil olarkən pilləkənlər və aynaların sayı diqqətimizi çəkir. Öyrənirik ki, pilləkənlər və aynalar “Xəmsə”yə uyğun olaraq beşlik şəklində simvolizə edilib.

Kompleksin direktoru Gülnarə İsmayılova qeyd edir ki, keçmişdə valideynlər yeni ailə quran övladlarına cehiz olaraq “Qurani-Kərim”lə birlikdə Nizaminin “Xəmsə”sini də bağışlayarmış. Daha sonra həmin gənclər Nizami məqbərəsini ziyarət edərək dahi şairin ruhuna öz ehtiramlarını bildirərmişlər.

Həmsöhbətimiz deyir ki, dövlət başçısının dahi şairin 870 illiyi haqqında sərəncamına uyğun olaraq 2011-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Şıx düzündə “Nizami şəhərciyi” salınıb. Şairin məqbərəsi ətrafında 35 hektar ərazidə istirahət və ziyarət kompleksi qurulub. Şıx düzü ərazisində yerləşən qədim Şıxzamanovlar qəbiristanlığında Nizami Gəncəvinin atası Yusifin və anası Rəisə xanımın qəbirləri aşkar olunaraq bərpa edilib.

 

“Xəmsə” qəhrəmanları

 

Kompleksin həyətini gəzirik. “Xəmsə” qəhrəmanları” adlanan bədii-monumental kompozisiyalar önündə ayaq saxlamamaq mümkün deyil. Əməkdar rəssam, mərhum Qorxmaz Sücəddinovun müəllifi olduğu kompozisiyalarda “Xəmsə”yə daxil olan əsərlərin qəhrəmanlarının obrazları yüksək peşəkarlıqla işlənib. Bir-birindən dəyərli bu heykəltəraşlıq nümunələrini seyr edərkən sanki Orta əsr Şərqinə qayıdır, Nizami qəhrəmanları ilə görüşürsən.

Kompleksin həyətində qonaqların istirahəti üçün oturacaqlar qurulub, süni göl yaradılıb. Ərazidə həmçinin məqbərə ilə üzbəüz Nizami Gəncəvi Muzeyi yerləşir. Məqbərəyə baş çəkəndən sonra qonaqlar muzeyi də ziyarət edirlər (muzey haqqında qəzetin növbəti saylarının birində ətraflı məlumat verəcəyik).

***

Söhbətimizin sonunda Gülnarə İsmayılova deyir ki, şanlı Qələbə ilə nəticələnən Vətən müharibəsində igidlik göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də məqbərə kompleksinin əməkdaşı olmuş Hikmət Məmmədovdur: “Hikmət kompleksdə ekskursiyaçı (bələdçi) işləyirdi. İşinə olan həvəsi, məsuliyyəti və peşəkarlığı sayəsində kollektivin rəğbətini qazanmışdı. Hikmət öz qəhrəmanlığı ilə dastan yazdı. Onu heç vaxt unutmayacağıq”.

***

Etiraf edək ki, Nizami soraqlı ünvandan heç ayrılmaq istəmirdik. Sanki bu məkanın sehrli bir cazibəsi var. Yazdığı beş poema-məsnəvi ilə bəşəriyyətə səs salan mütəfəkkir şairin bütün dünya tərəfindən qəbul və etiraf edilən söz-hikmət cazibəsi kimi...

Nurəddin MƏMMƏDLİ