Xalq artisti, tanınmış televiziya və kino rejissoru Ramiz Həsənoğlunun 75 illik yubileyi ilə bağlı film çəkilir. Film Azərbaycan Televiziyasının rejissorun yubileyinə hədiyyəsidir.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şərti adı “Uzun yolun bələdçisi” olan filmin rejissoru Elnur Məmmədov, ssenari müəllifi isə Afaq Vasifqızıdır.

Filmdə Ramiz Həsənoğlunun bir zamanlar TV-də, kinoda tamaşaçılara təqdim etdiyi obrazlar – Topal Teymur, Mirzə Fətəli, Salman bəy, Zəhra xalaqızı, Müşkünaz xanım və başqaları bir araya gələcəklər. Lakin bu dəfə yeni ampluada.

Rejissorun məşhur qəhrəmanlarını elə onları yaradan aktyorlar – Xalq artistləri Cahangir Novruzov, Rasim Balayev, Afaq Bəşirqızı, Məbud Məhərrəmov, İlham Namiq Kamal, Hacı İsmayılov, Məmməd Səfa və Əməkdar artistlər Elman Rəfiyev, Dilarə Əliyeva canlandıracaq. Ramiz Həsənoğlunun həyatından da parçaların yer alacağı filmin çəkilişləri hazırda davam edir.

Xalq artisti Ramiz Həsənoğlu 13 apreldə 75 illik yubileyini qeyd edəcək.

LALƏ