Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, kinorejissor Yalçın Əfəndiyevin (1937-2019) və qocaman sənətkar, sənədli filmlərin rejissoru Niyazi Bədəlovun (1909-1997) şəxsi arxiv fondları yaradılıb. Fondlara hər iki sənətkarın fotoşəkilləri, əlyazmaları və s. arxiv sənədləri daxildir.
Yalçın Əfəndiyev bir çox sənədli filmlərə quruluş verib. “Nə yaxşı ki, dünyada Səməd Vurğun var” filminə görə yaradıcı heyət – ssenari müəllifi İsmayıl Şıxlı, rejissor Yalçın Əfəndiyev və operator Zaur Məhərrəmov 1976-cı ildə Azərbaycan komsomolu mükafatına layiq görülüblər. Rejissorun yeganə tammetrajlı ekran işi “Xatirələr sahili” (1972) bədii filmidir.
“Azərbaycanfilm”də cizgi filmləri sexinin bərpasından sonra ilk ekran işi Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi “Cırtdan” cizgi filmi Azərbaycan kinosunda bu sahədə yeni mərhələnin əsasını qoyub.
Görkəmli rus kinorejissoru Serqey Eyzenşteynin emalatxanasında təhsil almış Niyazi Bədəlov ümumilikdə 40-a qədər sənədli film (“Övladlarım”, “Xəzərin üzərindən körpü”, “Azərbaycan aşıqları”, “Onun adı Serafino idi” və s.), “Ordenli Azərbaycan”, “Gənc nəsil”, “İncəsənət”, “İdman” və s. kinojurnallar üçün süjetlər çəkib.