Azərbaycan Televiziyasının veteran rejissoru, yarım əsrdən artıq dostluq etdiyim Məhərrəm Bədirzadə haqqında...
Altbaşlıqdakı cümlədə “vida sözü”nü qəsdən yazmadım. Çünki gənclik illərindən son gününə qədər həmişə ayaqda görməyə adət etdiyim Məhərrəm qardaşıma nə ”vida”, nə də “ölüm” sözünü yaraşdıra bilmirəm. Tanışlığımızın tarixi yarım əsrdən yuxarı olsa da, mənə elə gəlir ki, mən ömrüm boyu bu pozitiv insanı tanımışam.
Onunla saysız-hesabsız layihələrimiz olub. O, uşaqlıq illərindən son günlərinə qədər az qala hər bir ideyasını mənimlə müzakirə edərdi. Elə ölümündən bir gün qabaq da zəng vurmuşdu. Bəzən də özü dediyi kimi “elə-belə”, hal-əhval tutmaq üçün zəng edərdi. Onun zəngləri insana pozitiv əhval bəxş edərdi. Məhərrəm daim axtarışda olan, nəsə etmək istəyən və həmişə nəsə edən yaradıcı bir insan idi.
Nə etməli, insan ömrü başdan-başa müəmmadır. İnsan həyata gəldiyi andan olmasa da, onu dərk etdiyi andan, sanki hər an həyatdan köçməyini gözləyir. İnsanın həyata gəlişi də, gedişi də qismətdir. Tanrı birinə az, digərinə çox az həyat payı verir. Dahi Cəfər Cabbarlıya 35, Asəf Zeynallıya 23, Hüseyn Ərəblinskiyə 38, Mikayıl Müşfiqə 30, Bəhruz Kəngərliyə 30 yaş ömür payı qismət olub.
Lakin, bu müxtəlif zaman kəsiyinə baxmayaraq, millətimizin bu dahi şəxsiyyətləri adlarını tarixə yaza biliblər. Əsas olan da budur. Hər kəs həyatın fani olduğunu bilir.
Həyata gəlmək insandan asılı olmadığı kimi, həyatdan köçmək də ondan asılı deyil, qismətdir. Bəzən adama elə gəlir ki, insanlar müxtəlif zaman müddətinə bu dünyaya ezam olunub, bu müddət bitən kimi dünyanı tərk edirlər.
Dostum, qardaşım Məhərrəm Bədirzadəyə ulu Tanrı 76 illik ömür payı qismət etdi. Əslində, az zaman deyil. Bu zaman kəsiyində xeyli iş görmək olar və Məhərrəm kifayət qədər iş görüb, adını Azərbaycan Televiziyası tarixinə yaza bildi.
Məhərrəm Əlisəftər oğlu Bədirzadə 1945-ci il yanvar ayının 13-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. O, gənclik illərindən sənətə maraq göstərib və bu maraq onu əvvəl Gənc Tamaşaçılar Teatrının (GTT) aktyoru Süleyman Ələsgərovun dram dərnəyinə, sonra isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində Mehdi Məmmədovun kursuna gətirib. Mən və qardaşım Cəfər GTT-nin aktyoru Məmmədağa Dadaşovun dram dərnəyinə gedirdik. Bizim elə bu illərdən başlanan tanışlığımız möhkəm dostluğa çevrilərək, son günlərə qədər davam edib. O, bizim evin, mən və qardaşım Cəfər isə onun evinin üzvünə çevrilmişdik.
Yaxşı yadımdadır, Məhərrəm institutu bitirdikdən sonra bir müddət radioda çalışdı. Müəllimi Mehdi Məmmədovun hazırladığı “Canlı meyit” tamaşasında assistent oldu. Məhərrəm radioda işləsə də, rejissor assistenti kimi fəaliyyət göstərsə də, onun arzu və istəyi, əlbəttə ki, televiziya idi. O, tez-tez televiziya ilə bağlı arzularını danışar və gələcək planları ilə məni tanış edərdi. Mən gec-tez onun televiziyada çalışacağına inanır və onu da inandırmağa çalışardım.
Nəhayət, 1971-ci ildə onun arzuları çin oldu və dostum Azərbaycan Televiziyasında işləməyə başladı. Məhərrəmin sevincinin həddi-hüdudu yox idi. Saysız-hesabsız arzularının böyük hissəsi həyata keçdi. Azərbaycan Televiziyasında maraqla izlənilən neçə-neçə populyar veriliş məhz onun adı ilə bağlı idi. “Səhər görüşləri”, “Dalğa”, “Gəlin, birlikdə gülək”, “Gəzdim Azərbaycanı”, “Günaydın”, “Ocaq başı” və sair verilişlər dostumu ölkə miqyasında məşhur etdi.
Dostum həm istedadlı, həm də zəhmətkeş bir insan idi. Daim çalışır, axtarır və yeni-yeni yaradıcılıq nümunələri ilə tamaşaçıları sevindirirdi. “Mənim günahım”, “Qayınana əməliyyatı”, “Bağdada putyovka var”, “Gəl, qohum olaq”, “Mən sənin dayınam”, “Gəlinlər”, “Yol yoldaşları”, “Sonuncu şahid”, “Mənim üçün varsan”, “Təlatüm”, “Gürzə”, “Ünvansız eşq”, “Səni axtarırıq”, “Dələduzlar”, “Zirvə yolunun xoşbəxt adamı”, S.Ə.Şirvaninin həyatına həsr olunmuş “Aləmdə səsim var”, N.Günün “Tanrı bəşər övladıdır” povesti əsasında “Qırmızı kərpicli evin Tanriısı” filmləri dediklərimin bariz nümunəsidir. Bu televiziya filmləri onun son işləri idi. Son iki filmin ssenarisi dostumuz, dramaturq Çingiz Ələsgərliyə məxsusdur.
Məhərrəm 30 yaxın film və televiziya tamaşasının müəllifi olub. O, “Humay” və “Qızıl dərviş” mükafatları laureatı idi. Məhərrəm Bədirzadə son illərdə “Yada düşər xatirələr” adlı silsilə verilişlər hazırlayaraq, həyatdan köçmüş sənətkarları vaxtaşırı tamaşaçıların yadına salırdı. Sənətkarların unudulmasına biganə qala bilmirdi.
O, 76 illik bir ömür yaşadı. Azdır, çoxdur bilmirəm. Tanrının qisməti belə idi. Hər zaman sənətdə öz sözünü deməyə çalışdı və deməliyəm ki, buna nail də oldu. İndi sənət aləmində Məhərrəm Bədirzadə adı çox söz deyir.
Məhərrəm çalışdı, ev qurdu, ailə sahibi oldu. Xuraman xanım kimi sədaqətli və qayğıkeş bir ömür-gün yoldaşı ilə bütöv bir ömür yaşadı. Xuraman xanım onun ömrünün bəzəyi, iki qız övladının anası, nəvələrinin nənəsi oldu. Dostum qızları üçün sevimli ata, nəvələri üçün əziz baba oldu. O, ancaq övladlarına və nəvələrinə deyil, hamıya, hər kəsə mehriban bir insan oldu. Mehribanlıq qanında və canında idi.
Onu teatr, kino, mədəniyyət və incəsənət aləmində tanımayan yox idi. O da hamını tanıyırdı. Məhərrəmin bir çox arzuları çin olsa da, həyata keçməyən arzuları da az olmadı. Mən və qardaşım onun bir çox tamaşalarında müxtəlif səpkili obrazlar oynadıq. Məhərrəm mənim və qardaşım Cəfər Namiq Kamalın iştirakı ilə N.Vəzirovun “Hacı Qəmbər” və bəstəkar dostumuz Eldar Mansurovla Georgi Xuqayevin “Sevgilimin anası” əsərlərinin televiziya tamaşalarını hazırlamaq istəyirdi. Nə etməli, insan hansı yaşda olmağından asılı olmayaraq, həmişə arzularla yaşayır. İnsanı yaşadan arzulardır. Bəlkə elə Məhərrəmin bu yaşa çatmağına və həmişə ayaqda olmağına da səbəb elə bitib-tükənməyən arzuları idi? Lakin insan, təəssüf ki, heç də həmişə istək və arzusuna çata bilmir. Qismət olanla kifayətlənməli olursan. Qədim bir məsəl var. Deyirlər ki, qismət olsa gələr Yəməndən, qismət olmasa düşər dəhəndən.
Məhərrəm peşəkar səviyyəli televiziya rejissoru olmaqla yanaşı, həm də maraqlı bir aktyor idi. Onun M.F.Axundzadənin “Mürafiə vəkilləri”ndə yaratdığı obraz (Ağa Kərim) dediyimin bariz nümunəsidir. Onun yaratdığı obraz plastikası, rəngarəngliyi və zənginliyi baxımından diqqətəlayiq idi.
Mən dostum Məhərrəmin nişanından başlayaraq, övladlarının və nəvələrinin bütün xeyir işlərində iştirak etmişəm. O, mənim və qardaşımın haqqında “Sənətkar ömrü” verilişlərinin müəllifi olub. Məhərrəm istedadlı və peşəkar səviyyəli insan olaraq istedada və peşəkarlığa həmişə yüksək qiymət verib. Görkəmli sənətkarımız Nəsibə xanım Zeynalovanın son günlərini belə tarix üçün çəkməyə çalışırdı.
O, bir çox xasiyyətlərinə görə başqalarından seçilirdi. Çatışmazlığı şax üzə deməyi bacaran bir insan idi. Hətta səlahiyyətli şəxsə belə səhvini üzünə deməkdən çəkinməzdi. O, teatr tarixini yaddaşında saxlayan nadir bir insan idi. İstənilən tamaşa haqqında ondan dəqiq məlumat almaq olardı. Dostların əhatəsində olmaqdan xüsusi zövq alardı. Gənclik dostu rejissor Mərahim Fərzəlibəyovu, dramaturq Çingiz Ələsgərlini və başqalarını çay süfrəsində başına toplayıb, teatr və sənət söhbətləri etməkdən xüsusi həzz alardı. Bəzən mən də qardaşım Cəfərlə belə söhbətlərdə iştirak edir və dostumuzun şirin söhbətlərinin şahidi olurduq.
Bu gün o görüşlər və söhbətlər üçün çox darıxıram. Kaş zamanı geri qaytara biləydik. Son dövrlərdə nə qədər sənətkarlarımızı itirdik. Kaş Məhərrəm Bədirzadə sağ olaydı, yenə dostlar bir yerdə çay süfrəsinə toplaşıb, onun şirin söhbətlərinə qulaq asıb, yenə onun teatr yaddaşına heyran qalaydıq. Yenə dostumuz gözlənilmədən ayağa qalxıb, evinə tələsəydi. Ancaq nə etməli, bizim istəyimiz ayrı, qismət isə tamam ayrıdır. İstəməsək də, tale yazısı ilə, qismətlə barışmaq məcburiyyətindəyik.
Əziz dostum, mehriban insan, Məhərrəm qardaşım, sən cismən bizimlə olmasan da, xatirən daim bizimlədir. Səni unutmaq mümkünsüzdür. Çünki sən əbədi olaraq mənim və dostlarının qəlbində, xatirəsində və yaddaşındasan. Bizlər yaşadıqca sən də yaşayacaqsan, əziz, mehriban, yerində sərt, yerində kövrək, sözü üzə deyən Məhərrəm Bədirzadə. Nə etməli, bu da bir qismətdir...
İlham Namiq KAMAL
Xalq artisti, professor