Muzey Mərkəzində təşkil olunan rəsm sərgisi bütün şəhidlərimizə ithafdır
Muzey Mərkəzində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsinə həsr olunmuş rəsm sərgisi açılıb.
Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, Milli Məclisin deputatı Könül Nurullayevanın təşəbbüsü ilə reallaşan sərginin məqsədi şəhidlərimizin xatirəsini yaşatmaq, onların canları və qanları ilə yazdıqları qəhrəmanlıq dastanlarını əbədiləşdirmək, şəhid ailələri, övladları və valideynləri qarşısında mənəvi vətəndaşlıq borcunu yerinə yetirməkdir.
Sərgidə 59 rəsm əsəri nümayiş etdirilir. Onların arasında Bakı şəhərinin Nizami rayonundan 31 şəhidin, Birinci Qarabağ müharibəsi, 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Tovuz döyüşləri və Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış 28 nəfərin, o cümlədən Milli Qəhrəmanlar – general-mayor Polad Həşimov və polkovnik-leytenant Murad Mirzəyevin xatirəsinə ithaf olunmuş rəsm əsərləri yer alıb.
Əsərlərin müəllifləri Azərbaycan Rəssamlar İttifaqının üzvü, Birinci Qarabağ müharibəsi veteranı Şəmsəddin Əliyev və gənc rəssam Elşən Abbasovdur.
Sərginin açılışında şəhid ailələri, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Milli Məclisin deputatı Könül Nurullayeva, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev və başqaları iştirak ediblər. Çıxış edənlər belə qəhrəman övladlar yetişdirdiklərinə görə onların valideynlərinə minnətdarlıqlarını bildiriblər. Eyni zamanda sərginin mənəvi əhəmiyyəti vurğulanıb.
“Aprel döyüşləri Azərbaycan xalqının iradəsinin, əzminin, fədakarlığının, vətənpərvərliyinin ən bariz nümunəsi, Aprel şəhidləri isə 44 günlük Vətən müharibəsində qazandığımız böyük Qələbəmizin bünövrəsinin müəllifləri idilər. Bu baxımdan sərginin məhz aprel ayında baş tutması təsadüfi deyil. İstər Aprel döyüşləri istərsə də Vətən müharibəsi müasir tariximizin ən şanlı səhifələridir. Sərgi xalqımızı şanlı Zəfərə aparan yolun yolçularına – burada rəsmləri yer alan şəhidlərin simasında Vətən uğrunda canını fəda etmiş bütün qəhrəman Azərbaycan övladlarının əziz xatirəsinə ithaf edilib”, – deyə Könül Nurullayeva bildirib.
Qeyd edək ki, Muzey Mərkəzindəki sərgi şənbə və bazar günləri istisna olmaqla, 20 aprel tarixinədək ziyarət üçün açıqdır.