Beynəlxalq konfransa Azərbaycan alimləri qatılıb
Dünya ədəbiyyatınin dahi klassiklərindən olan böyük özbək şairi Əlişir Nəvainin 580 illiyi Əfqanıstanda – şairin doğulduğu və yaşayıb-yaratdığı Herat torpağında da qeyd edilir.
Heratda keçirilən “Həzrət Əmir Əlişir Nəvainin düşüncələrini yenidən öyrənmək” adlı beynəlxalq elmi konfransa Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistandan olan nəvaişünas alimlər qatılıb.
Konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova və A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı iştirak ediblər.
Konfransın açılışında Azərbaycan alimləri təbrik nitqi söyləyərək konfransın təşkilat komitəsinə öz kitablarını hədiyyə ediblər. Bölmə iclasında Almaz Ülvi Binnətovanın “Əlişir Nəvainin elmi-filoloji və dini-təsəvvüfi əsərləri”, Mübariz Ağalarlının “Əmir Əlişir Nəvai dövründə Azərbaycan dövlətləri ilə Teymurilər dövləti arasında siyasi və diplomatik münasibətlər” adlı məruzələri dinlənilib.
İştirakçıların Heratın tarixi məkanlarına – Əlişir Nəvainin məqbərəsi, Gövhərşad Bəyim camisi, İsgəndər qalası və s. yerlərə, həmçinin paytaxt Kabilə ekskursiyaları da təşkil olunub. Əfqanıstan Elmlər Akademiyasının prezidenti Abdul Zahir Şakib ilə görüş keçirilib.
Konfrans iştirakçılarına Əlişir Nəvainin lacivərd daşından hazırlanmış barelyefi, kitablar hədiyyə edilib. Müxtəlif ölkələrdən olan həmkarları azərbaycanlı alimləri Qarabağın düşmən tapdağından azad edilməsi münasibətilə təbrik ediblər.