Bakı ilə qardaşlaşmış Hyustonda bu adda tədbir keçiriləcək
   
   Mədəniyyət və Turizm Nazirliyinin Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası ilə birgə layihəsi əsasında bugünlərdə Amerikadan ölkəmizə müxtəlif sahələri təmsil edən mütəxəssislərdən ibarət nümayəndə heyəti gəlmişdi. Layihənin məqsədi və qonaqların ölkəmiz haqqında təəssüratı barədə Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundovadan məlumat aldıq.
   
   Amerikada yaşayan İ.Axundovanın sözlərinə görə, Bakı ilə Hyuston (Texas ştatı) arasında bu cür səfərlər mübadiləsi mütəmadi həyata keçirilir: «Bu dəfə Bakıya Mədəniyyət və Turizm Nazirliyinin dəvətilə gəlmişik. Qrupa Hyuston şəhərinin mədəniyyət müəssisələrinin rəhbərləri, Hyuston opera teatrının, muzeylərinin nümayəndələri və turizm üzrə mütəxəssislər daxildir. Bu layihəni həyata keçirməkdə məqsədimiz Azərbaycanı Hyustonda, Texas ştatında və ümumilikdə ABŞ-da daha geniş tanıtmaqdır. On gün müddətində qonaqlar Şəki, Lahıc, İsmayıllını gəzdilər. Onlar Azərbaycanın təbiətini, tarixi abidələrini, müxtəlif dinlərə aid məbədləri gördülər, azərbaycanlıların tolerantlığının, qonaqpərvərliyinin bir daha şahidi oldular».
   Müsahibimizin dediyinə görə, Hyustonun mədəniyyət, turizm qurumları ilə Azərbaycanın müvafiq qurumları arasında müxtəlif layihələr həyata keçiriləcək: «Biz regionlara səfər etməmişdən əvvəl hansı sahədə əlaqələrin inkişaf etdirilməsi barədə plan hazırladıq. Qonaqların hər biri səfərlə bağlı öz fikirlərini dedi. Qeyd edim ki, Bakı ilə Hyuston arasında əlaqələrin 30 ilə yaxın tarixi var. Bu əlaqələrin əsasında neft amili dayanır. Hyuston da, Bakı kimi dünyada neft şəhəri kimi tanınır. Bizim “Nobel” sərgisi adlı gözəl bir layihəmiz var. İstərdik ki, bütün dünyaya bu sərgi vasitəsilə göstərək ki, neftin inkişaf tarixi Azərbaycandan başlayır. “Nobel” sərgisini Hyuston muzeylərindən birində də təqdim edəcəyik. Hyuston muzeylərinin nümayəndələri Azərbaycanda aidiyyəti qurumlarla bu mövzuda söhbət apardılar, Dövlət Neft Şirkəti ilə danışıqlarımız oldu. Sərgini gələn il Hyuston şəhərində keçirməyi nəzərdə tuturuq.
   Bundan əlavə, hər il Hyustonda 250 mindən artıq insanın qatıldığı beynəlxalq festival keçirilir. Düşünürük ki, 2011-ci ildə bu beynəlxalq tədbirə «İpək yolu və Azərbaycan» layihəsi ilə qatılaq. Layihənin həyata keçməsi ölkəmizin daha geniş formatda tanınmasına imkan verərdi. Orada milli mətbəximizi, suvenirlərimizi, sənətkarlarımıza məxsus əl işlərini, xalçaçılıq nümunələrimizi nümayiş etdirəcəyik».
   İ.Axundova bildirdi ki, səfər müddətində qrup üzvləri təmsil etdikləri sahələr üzrə aidiyyəti orqanların nümayəndələrilə görüşüblər. Onlar qarşılıqlı əməkdaşlıq zəminində bir sıra layihələrin həyata keçirilməsi ilə bağlı razılığa gəliblər: «Hyuston operasının “Şərq və Cənub” adlı bir layihəsi var. Biz istəyirik ki, Azərbaycan öz operasını bu layihə çərçivəsində Hyustonda təqdim etsin. Artıq bununla bağlı Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə danışıqlar aparılıb. Ümid edirəm ki, gələn il Azərbaycan operası Hyuston səhnəsində təqdim olunacaq. Bundan əlavə, hyustonlu Helen Rous Azərbaycan Diplomatiya Akademiyasında oldu. Xanım Rous təklif etdi ki, nəinki iki ölkənin tələbələri arasında, eyni zamanda Hyuston universitetləri ilə bu ali təhsil ocağında çalışan professor-müəllim heyəti arasında da təcrübə mübadiləsi olsun».
   Qonaqlar Bakıdakı mədəniyyət ocaqlarımızda da olublar. Gənc Tamaşaçılar Teatrında “Ələddinin sehrli çırağı” tamaşasına, Opera və Balet Teatrında “Sevil” operasına baxıblar. Bu operada aktyorlarımızın oyunu və musiqimizin incəliyi qonaqları valeh edib. Bundan başqa, onlar Dövlət Filarmoniyasında təşkil edilmiş simfonik orkestrin konsertinə də tamaşa ediblər.
   İradə Axundovanın dediyinə görə, hyustonlu qonaqlar Azərbaycanla bağlı yetərincə məlumat əldə edə biliblər: «Qrup üzvləri hansı muzeyə getdilərsə, ordan kitablar aldılar. Biz Lahıcda olanda orda köçkünlük həyatı yaşayan soydaşlarımızın hazırladıqları oyuncaqlar qonaqların marağına səbəb oldu və onlar bu oyuncaqların hamısını aldılar. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də bizə Azərbaycanla bağlı maraqlı kitablar, CD-lər verildi. Bundan əlavə, Heydər Əliyev Fondunda bizim nümayəndə heyətini qəbul etdilər və Azərbaycanla bağlı təqvimlər, broşürlər, kitablar hədiyyə etdilər».
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar