Əməkdaşlıq protokolu imzalanıb
Azərbaycanın və İtaliyanın UNESCO-nun Dünya irs siyahısında yer alan iki məşhur tarixi-mədəni məkanı arasında əməkdaşlıq bağları qurulur. Bu məsələ aprelin 13-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Matera Şəhər Bələdiyyəsi arasında imzalanan “Dostluq və əməkdaşlıq haqqında protokol”da əksini tapıb.
Protokol “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) İdarə Heyətinin sədri Əsgər Ələkbərovun ölkəmizdə səfərdə olan İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri, senator Vito Petroçelli, Matera şəhərinin meri Domeniko Bennardi və Matera Şəhər Şurasının (bələdiyyə) sədri Antonio Materdomini ilə görüşü zamanı imzalanıb.
Görüşdə iki ölkə arasında mədəniyyət və incəsənət, mədəni irsin qorunması və idarə olunması sahələrində münasibətlərin inkişafından məmnunluq ifadə olunub, növbəti beş il ərzində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Protokolun imzalanmasında əsas məqsəd İçərişəhər qoruğu və Matera şəhəri arasında əlaqələri gücləndirmək, ortaq fəaliyyət sahələrini müəyyən etməkdir. Sənəd incəsənət, mədəniyyət, turizm, elm və tarix sahələrində birgə fəaliyyət, proqram və layihələrin təşkilinə, eləcə də təcrübə və informasiya mübadiləsinə qarşılıqlı dəstəyin verilməsi, mədəni irsin qorunması, bərpası və inkişafı sahələrində əməkdaşlıq məsələlərini əhatə edir.
“İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova görüşdən sonra jurnalistlərə bildirib ki, imzalanan protokol muzey sahəsində də sıx əməkdaşlığa zəmin olacaq. O, həmçinin sənədin “Nizami Gəncəvi İli”ndə və qədim Şirvanşahlar Sarayında imzalanmasının simvolik mənası olduğunu deyib. Bildirib ki, dahi Nizami Gəncəvi “Leyli və Məcnun” poemasını Şirvanşah hökmdarı I Axsitanın sifarişi ilə yazıb. “Leyli və Məcnun”dan bir neçə əsr sonra isə Avropada dahi Şekspirin qələmindən “Romeo və Cülyetta” – italiyalı gənclərin nakam sevgi hekayəti çıxıb.
Görüşdən sonra qonaqlar İçərişəhərin tarixi abidələri ilə tanış olublar.
Qeyd edək ki, İtaliyanın şərqində, Bazilikata regionunda eyni adlı əyalətin inzibati mərkəzi olan kiçik (təxminən 60 min əhalisi var) Matera şəhəri tarixi tikililəri ilə tanınır. Dağ yamacında salınmış qədim mağara-evlər şəhərin əsas özəlliklərindəndir.
1993-cü ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilən Matera 2019-cu ildə “Avropanın mədəniyyət paytaxtı” olub.