Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunmuş “Sonuncu” sənədli filmi Rotterdam Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilib.
Kinorejissor Fariz Əhmədovun quruluş verdiyi film festivalın “Qısa və orta metraj” (Short & Mid-length) bölməsində iştirak edəcək.
Rotterdam Beynəlxalq Film Festivalı Avropanın nüfuzlu kino müsabiqələrindən biridir. “A” kateqoriyalı festival Kann, Venesiya, Berlin, Lokarno və digər böyük festivallarla bir sıraya daxildir.
“Sonuncu” sənədli filmi Xəzərdəki Kürdili adasının (Neftçala şəhərindən 33 km məsafədə) sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə dənizdə suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəlir. Əhalinin əksəriyyəti adadan köçür. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşır. Adanın yeganə sakini isə 68 yaşlı Vitali olur. O, bütün həyatını ada ilə bağlayıb…
Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədov, operatoru Polşadan dəvət olunmuş Mateuş Çuxnovskidir.
50-ci Rotterdam Beynəlxalq Film Festivalının 2-6 iyun 2021-ci il tarixində keçirilməsi nəzərdə tutulub. “Sonuncu” filminin geniş auditoriyaya ilk təqdimatı da bu festivalda baş tutacaq. Film haqqında qısa məlumat, treyler və fotolar artıq festivalın saytında yerləşdirilib.
LALƏ