Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türkiyə Respublikasının milli bayramı, 23 aprel – Milli Suverenlik və Uşaq Gününə həsr olunmuş “Türk dünyası uşaqlarının görüşü” adlı tədbir keçirilib.
Görüşü Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə uşaqlarla bir yerdə olmaqdan məmnunluğunu bildirib. “Mənə çox xoşdur ki, bugünkü tədbirimizdə böyük türk dünyasının gələcək təmsilçiləri iştirak edir. Burada Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Litva, Azərbaycan və əlbəttə ki, Türkiyədən gələn uşaqlar qardaş dövlətlər arasında bir körpü yaradır. Türk dünyası dərin tarixə, mədəni irsə malik bir dünyadır. Çox şadam ki, uşaqlar böyüdükcə qardaş ölkələrin mədəni irsini də dərindən öyrənəcəklər. Bizim Fondun da missiyası elə bundan ibarətdir”, – deyə o vurğulayıb.
Sonra uşaqlar öz ana dillərində mahnılar oxuyub, milli geyimlərdə rəqs edib, milli alətlərdə musiqilər çalıb, şeirlər söyləyiblər.