Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə videokonfrans formatında görüşü olub.

Görüşdə ölkəmizlə Dünya İqtisadi Forumu arasında uzunmüddətli səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib, bu çərçivədə Azərbaycanın Dünya İqtisadi Forumunun bir sıra təşəbbüslərində fəal iştirak etdiyi qeyd olunub.

Söhbət zamanı Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinin afilə edilmiş Azərbaycan Mərkəzinin fəaliyyəti vurğulanıb. Dövlətimizin başçısı MDB regionunda ilk bu cür mərkəzin məhz Bakıda yaradılmasına görə minnətdarlığını bildirib, iqtisadiyyatı şaxələndirmək və islahatları davam etdirmək üçün, eləcə də investisiyaları cəlb etmək baxımından mərkəzin rolunu qeyd edib.

Bildirilib ki, bu mərkəzin əsası 2020-ci ildə Davosda Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin niyyət məktubunu imzalaması ilə qoyulub. Mərkəzin fəaliyyətinin təşkili üçün Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlıq təmin olunub. İlkin mərhələdə süni intellekt və rəqəmsal iqtisadiyyatla bağlı təhlillər aparılır.

Prezident Borge Brendeni Azərbaycana səfərə və mərkəzin fəaliyyəti ilə tanış olmağa dəvət edib.