Avropada geniş yayılmış turizm növü olan kənd turizmi ötən əsrin 60-cı illərindən sonra intensiv inkişaf etməyə başlayıb. İlk olaraq turizm firmaları yeni xidmət kimi kənd evlərində və ya kənd ərazisində kiçik hotellərdə istirahət təklif etməyə başladılar.
Tədricən bu xidmət turizmdə geniş infrastrukturlu sahəyə çevrildi. Hazırda Avropada kənd evlərində və kiçik kənd hotellərində ildə 40 milyonadək insan istirahət edir. Kənd turizmi Avropanın bütün ölkələrində mövcuddur. Lakin turizmin bu növünün inkişaf səviyyəsi hər ölkədə müxtəlifdir. Şərqi Avropa ölkələrində kənd turizmi Qərb ölkələrinə nisbətən az inkişaf edib.
Bu sahə üzrə çoxsaylı araşdırmalar müəllifi olan Turizm İnstitutunun Turizm biznesinin və texnologiyasının təşkili kafedrasının müəllimi Qəhrəman Yusupov deyir ki, Fransa, Böyük Britaniya və Almaniya turizmin bu növünün təməlini qoyan ölkələrdir: «Fransanın şərq rayonlarında dağ relyefinin olması, habelə bir neçə ölkə ilə (İsveçrə, Almaniya, İtaliya, Belçika və Lüksemburq) həmsərhəd olması turistləri buraya cəlb edir. Ölkənin cənubunda çimərlik əraziləri və şərabçılıq rayonları yerləşir. Fransanın qərb rayonlarında kənd turizminin az inkişaf etməsinə səbəb iqlimin yağışlı və küləkli olmasıdır. Hazırda 35 min fransız fermeri turistlərin qəbul edilməsinə hazırdır».
Həmsöhbətimin fikrincə, Almaniyada da kənd turizminin inkişaf səviyyəsi eyni deyil. Cənub və qərb rayonlarında bu növ daha çox inkişaf edib. Buna səbəb bu regionların iqtisadi cəhətdən güclü inkişaf eməsi və zənginliyi ilə fərqlənməsidir. Böyük Britaniyada isə kənd turizmi əsasən ölkənin cənub regionlarında inkişaf edib: «Buna səbəb qədim tarixi abidələrlə zəngin bu ərazilərdə yerləşən iri şəhərlərin əhalisinin kənd yerlərində istirahətə çox üstünlük verməsidir. Hazırda regional siyasətin bir hissəsi kimi Şotlandiya və Şimali İrlandiyaya turistlərin cəlb edilməsi üçün tədbirlər həyata keçirilir. Belçika, Niderland, Lüksemburq ölkələrində fermer turizmi yüksək inkişaf edib. Ərazilər üzrə inkişaf səviyyəsində prinsipial fərq yoxdur. Avstriya və İsveçrədə kənd turizminin inkişaf səviyyəsi Almaniyadakı kimidir».
Q.Yusupovun sözlərinə görə, Şimali Avropanın kənd turizmi bazarında Danimarka xüsusi yer tutur. Danimarkanın kənd təsərrüfatı öz effektivliyi ilə Avropa bazarında yüksək qiymətləndirilir. Yerli fermerlər isə bir nümunə kimi hamıya misal göstərilə bilər. Bu səbəbdən Danimarkada istirahət etmək üçün aqroturistlərin tələbi ildən-ilə artır. İsveçin və Norveçin yalnız cənub regionlarında kənd turizmi inkişaf edib. Şimal regionlarında bu turizm növünə ehtiyacın az olması həmin ərazilərin sərt iqlimə malik olması ilə bağlıdır.
Cənubi Avropa ölkələri kənd turizmi bazarı üzrə ənənəvi olaraq güclü region sayılır. Bu dövlətlərin faktiki olaraq bütün ərazilərində kənd turizmi inkişaf edib. Mütəxəssisin fikrincə, buna baxmayaraq, bu ölkələrdə də inkişaf müxtəlifliyi var: «Kənd turizminin inkişaf etmiş əraziləri aşağıdakılardır: İspaniyanın cənubu, İtaliyanın bütün ərazisi, Yunanıstanın cənubu və adaları, Kipr. İtaliyada kənd turizm xidmətlərindən ildə 12 milyon insan istifadə edir. Qərbə nisbətdə Şərqi Avropa ölkələrində kənd turizmi başlanğıc mərhələdədir. Müəyyən inkişaf Çexiya, Slovakiya, Macarıstan və Sloveniyada olub. Polşada kənd turizmi artıq bir neçə ildir ki, inkişaf edir. Statistik məlumatlara görə, bu ölkədə ildə 500 mindən artıq insan aqroturbiznesin xidmətlərindən istifadə edir. Bu sahə dövlətin də diqqətində olduğundan kənd turizmini inkişaf etdirmək məqsədilə fermer təsərrüfatlarına kreditlər ayrılır».
Fəxriyyə