Azərbaycan musiqi sənətinə töhfələr vermiş tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Aydın Əzimovun 75 yaşı tamam olur.
Aydın Kərim oğlu Əzimov 1946-cı il mayın 1-də Bakıda anadan olub. 1964-1972-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Bəstəkarlıq fakültəsində SSRİ Xalq artisti, dahi bəstəkar Qara Qarayevin sinfində təhsil alıb.
Yaradıcılığı ərzində bir çox janrlara müraciət edən Aydın Əzimov simfonik, kamera əsərlərinin, teatr tamaşaları, eləcə də müxtəlif bədii filmlərə yazılmış musiqilərin müəllifidir.
Bəstəkar 1968-1996-cı illərdə indiki “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də müxtəlif vəzifələrdə, o cümlədən radionun Musiqi verilişləri baş redaksiyasında redaktor, radionun səsyazma evində baş rejissor və müdir işləyib. Müdafiə Nazirliyinin hərbi orkestrinin təşkilində, həmçinin Üzeyir Hacıbəylinin müəllifi olduğu Azərbaycanın Dövlət Himninin bərpası, klaviri, xor və böyük simfonik orkestr üçün işlənməsində bəstəkarın mühüm xidmətləri olub.
1996-cı ildə Türkiyənin Mersin Universiteti Dövlət Konservatoriyasına işləməyə dəvət olunan Aydın Əzimov 2005-ci ilə qədər orada çalışıb, Bəstəkarlıq şöbəsini təşkil edib.
2005-ci ildən Bakı Musiqi Akademiyasında Bəstəkarlıq kafedrasının professoru kimi yaradıcılıq və pedaqoji fəaliyyətini davam etdirib. Hazırda kafedranın müdiri vəzifəsində çalışır.
Sənətkarı 75 illik yubileyi münasibətilə təbrik edir, cansağlığı, yeni yaradıcılıq uğurları arzu edirik.