Tarixi əsərlərə müraciət edən filmlərdə müxtəlif dövrlər təsvir olunduğuna, fərqli zamanlar əksini tapdığına görə kinonu tarixin salnaməsi də adlandırırıq. Bu mənada yaxın və uzaq keçmişi ekranlaşdırmaq zaman və insanlar qarşısında böyük məsuliyyət tələb edir. Görkəmli kinorejissor Lətif Səfərov dahi söz ustadı Məhəmməd Füzulinin bütün Şərq poeziyasında məşhur olan eyniadlı əsərinin motivləri əsasında “Leyli və Məcnun” (1961) filmini ekranlaşdırmaqla, yüz illərlə yaşayan qədim rəvayətin vizual təsvirini, dillərdə dastan obrazların surətini yaratdı. Poetik ekran əsərində baş qəhrəmanların daxili aləmi ilə ətraf mühitin tərs mütənasibliyi, köhnə dünyanın köləlik prinsipi qınaq hədəfinə, saf, ülvi hisslərə sahib olan cütlüyün sosial fırtınalara qarşı durması filmin leytmotivinə çevrildi.

“Azərbaycanfilm” kinostudiyasının məhdud imkanları çərçivəsində ərsəyə gələn filmdə yaradıcı heyətin əsərə sevgi və hörmətlə yanaşması hiss olunsa da, ümumi ekran kompozisiyasındakı (təsvir və məzmun) uğursuzluq təlaşı heç də nəzərdən yayınmır...  

 

Yaradıcılıq nigarançılığı...

 

“Leyli və Məcnun” filmində operator assistenti kimi çalışan, sonrakı yaradıcılığında 40-dan çox sənədli, bir neçə bədii filmin operatoru olan Fəramiz Məmmədov kinorejissor Lətif Səfərovun son ekran işində keçirdiyi nigarançılığın səbəbini belə açıqlayır: “Əvvəla, onu deyim ki, bu film Lətif Səfərovun quruluş verdiyi digər iki filmi kimi uğurlu olmadı. Filmin çəkilişlərini 60-cı ilin yanvar ayında başladıq, dekabr ayında yekunlaşdırdıq. Çəkilişlər çox ağır gedirdi. Bu bilavasitə Lətif Səfərovun əhval-ruhiyyəsi ilə bağlı idi. Həmin vaxtlarda onun birinci nikahından olan, Moskvada yaşayan uşaqlarından məktub gəlmişdi. Məzmunundan tam xəbərimiz olmasa da, bilirdik ki, Lətif müəllim uşaqların taleyindən narahatdır. Buna görə də çox vaxt kədərli olurdu. Lətif müəllimin uşaqlığı ağır keçdiyinə görə o, uşaqlarının alimentini kəsmirdi, onlara həmişə maddi yardım edirdi. Ancaq uşaqların anası ikinci dəfə ailə həyatı qurduğuna görə onların baxımsız qalması onu narahat edirdi. Bu barədə heç nə deməsə də, əzab çəkdiyini hiss edirdik. O, rejissor kimi tələbkar olsa da, insan kimi üstün cəhətləri çox idi. İndi də onun mənə və işçilərə, aktyorlara olan mehriban münasibətini xatırlayıram. Hər dəfə də düşünürəm ki, elə bil heç məşhur adam deyildi. Necə səmimi, xoşrəftarlı idi.

Lətif müəllim çəkiliş prosesində, film hazırlıqlarında həmişə qətiyyətli olur, aktyorları özü seçir, fikirlərini açıq-aydın bildirirdi. Bu filmin çəkilişlərində isə onu tanıya bilmirdik. Kim nə deyirdisə razılaşır, aktyorların seçiminə müdaxilə etmirdi. Filmin baş qəhrəmanları roluna Nodar Şaşıqoğlunun (Qeys-Məcnun), Kima Məmmədovanın (Leyli), həmçinin Qriqori Tonunsun (İbn Səlam) çəkilməsini Bədii Şurada təklif etmişdilər. O da razılaşmışdı. Ancaq çəkiliş vaxtı hiss edirdik ki, aktyor seçimi onu qane etmir. O, dəfələrlə kinostudiyanın texniki bazasının zəif olması haqqında açıq-aydın fikrini bildirdiyinə görə rəhbərlik də onu sevmir, hətta Bədii Şura üzvləri bu filmi Lətif Səfərovun çəkməsini istəmirdi. Bu haqsızlıqlar, təbii ki, onu üzürdü.  

Yadımdadır, Məcnun roluna Gündüz Abbasovu və Müxlis Cənizadəni də sınaq çəkilişinə dəvət etmişdi. Nodar Şaşıqoğlu həmin vaxtlarda məşhur olduğuna və Bədii Şurada təsdiqləndiyinə görə onu çəkdi. Xalq artistləri Ələsgər Ələkbərovu, Əli Zeynalovu, Adil İsgəndərovu və digərlərini böyük məmnunluq hissi ilə çəkirdi. Qəribədir ki, bəzi gərginliklər elə bil üst-üstə düşürdü. Lətif müəllim üçün çətin olan belə bir məqamda Ələsgər Ələkbərov da onu tələsdirirdi. Deyirdi, roluma aid olan epizodları tez çək, böyrəklərimdə daş var, əməliyyata girəcəyəm, çıxmaya da bilərəm. Ələsgər Ələkbərov filmin aparıcı qüvvəsi olduğuna görə Lətif müəllim onun çəkilməsini çox istəyirdi. Buna görə də istəklərini yerinə yetirirdi. Çəkiliş prosesində tələskənlik və nigarançılıq bir-birini əvəzləyirdi. Belə gərgin iş rejimi və şəxsi həyatındakı problemlər onu çox yorurdu”.

 

Çəkiliş məkanları

 

Fəramiz müəllim deyir ki, Lətif Səfərov film üçün lazımlı məkanları operator Arif Nərimanbəyov və rəssam Cəbrayıl Əzimovla birgə gedib seçirdi. Filmin dekorasiya çəkilişləri əsasən Bakıda, Ramana qəsəbəsində yerləşən (filmin əvvəlində dostların görüşdüyü məkan) XIV əsrə aid olan qalada, kinostudiyanın (bazar səhnələri) pavilyonunda çəkilib: “Keçmiş “Bakı” univermağının yaxınlığında (Xaqani və Üzeyir Hacıbəyli küçələri, Azadlıq prospektinin sağ və sol tərəfindəki ərazi) o vaxt kinostudiyaya məxsus sahə vardı. Dekorasiyaları orda rahat qururduq. Natura çəkilişləri isə (səhra çəkilişləri, Məkkənin ərazisi, Şeyx Əmiri və Şeyx Haşiminin çadırları) Türkmənistanın Nebit-Dağ şəhəri yaxınlığında (indiki Balkanabad), Bakı-Şamaxı yolundan 8 km aralıda yerləşən Cəngi (döyüş səhnələri və Məcnunun Leylinin kəcavəsini apardığı yer) kəndində, montaj vaxtı lazım olan əlavə epizodlar (Zeynəblə Zeydin dialoqları) indiki Şabran rayonunda aparılırdı. Kütləvi səhnələrdə iştirak edən insanlara 3 rubl, atlı süvari roluna çəkilənlərə isə 7 rubl 50 qəpik məbləğində qonorar verilirdi. Türkmənistanda çəkilən səhnələrin hazırlıqlarına (kütləvi səhnələrin çəkilişinə adamlar cəlb etmək, atlar gətirmək və s.) “Türkmənfilm” kinostudiyasının işçiləri də köməklik edirdi”.

Filmdə Zeynəb rolunu canlandıran Əməkdar incəsənət xadimi, Dövlət Rəssamlıq Akademiyasının professoru Firəngiz Qurbanova çəkilişlə bağlı maraqlı məqamlardan bəhs edir: “Yadımdadır, çəkilişlər Şabran rayonunda qumlu səhrada aparılırdı. Ekranda qırx dərəcə yay istisi təsiri bağışlayan Ərəbistan çöllüyü təsvirləri dekabr ayında lentə alınmışdı. Nazik ağ geyimdə soyuqdan titrəyərək çəkilməyimi heç vaxt unutmaram. Belə soyuq havada kamera qarşısında durmaq, bir neçə dubla çəkilmək heç də asan deyildi. Çəkiliş vaxtı bərk soyuqlamışdım, hərarətim də qalxmışdı. Çəkiliş bitən kimi anam məni maşına qoyub Bakıya evimizə apardı.

Zeynəb roluna çəkiləndə orta məktəbi yenicə bitirmişdim. Aktyorluq sənətinə böyük həvəsim var idi. Atam (Xalq artisti Ağadadaş Qurbanov – Ş.Ə.) sənətə olan meylimi görüb bir gün məni kinostudiyaya apardı. Həmin dövrdə “Leyli və Məcnun” filminin sınaq çəkilişləri gedirdi. Çəkilişləri Lətif Səfərov şəxsən özü aparırdı. Çəkilişin ikinci dublunda Lətif müəllim “kifayətdir, çəkilməsinə razıyam” dedi. Baxmayaraq ki, 17 yaşım var idi, kinostudiyanı birinci dəfə idi görürdüm, bununla belə, kamera qarşısında çox sərbəst idim, bütün çəkilişlərdə də belə oldum. 

Lətif Səfərov qara gözləri, gur, qara saçları olan ortayaşlı, ağbənizli, boyu çox da hündür olmayan, ciddi, təmkinli bir insan kimi yadımda qalıb. İşində çox tələbkar idi.  Çəkiliş zamanı bəzən daxili gərginliyini gizlədə bilmirdi. Ancaq yaradıcı heyət tələbkarlığını ümumi iş üçün olduğunu anlayır, onunla razılaşırdı.

Filmin geyim rəssamı (Cəbrayıl Əzimovla birgə) Bədurə Əfqanlını yaxşı xatırlayıram. Çox nəcib, xeyirxah xüsusiyyətə malik bir xanım idi. Kostyumların eskizlərini peşəkarlıqla hazırlamışdı. Əlbəsələr tarixi dövrə aid olan dəqiq ştrixlərlə tikilmişdi”.

Yaradıcı heyətin iş prinsipini Fəramiz  Məmmədovun xatirələrindən izləməyə davam edək: “Filmdə təsvir olunan Kəbə binasının tikilməsi üçün kinostudiyanın dekorasiya sexinin işçiləri Aşqabada getmişdi. Onlar içiboş kartonlardan inandırıcı dekorasiyalar yaradırdılar. Tikinti işi günlərlə vaxt aparsa da, Lətif müəllim Cəbrayıl Əzimovla tez-tez gedib onlara nəzarət edir, göstərişlərini verirdi. Rekvizitlər kinostudiyanın sexindən götürülmüşdü. Kostyum sexindən lazım olan geyimlərdən istifadə olunsa da, Bədurə xanımın eskizlərinə və istəyinə əsasən əlbəsələrin çoxu (baş və aparıcı rol iştirakçıları üçün) Volodarski fabrikində (indiki Bakı Tikiş Evi) tikildi. Döyüş səhnələri üçün lazım olan atlar (məşqçilərlə birlikdə) Bakı Cıdır meydanından gətirilirdi. Məşqçilər idmançı olduğuna görə atları məharətlə idarə edirdilər”.

 

“Filmimi tamamlamamışam...”

 

Müttəfiq respublikalardakı kinostudiyaların maddi-texniki bazasına nəzarət edən Moskvadakı Dövlət Kino Komitəsi filmlər üçün ayrılan lentləri məhdudiyyətlə verirdi. Bu da yaradıcı heyətin imkanlarını məhdudlaşdırırdı. Fəramiz müəllimin bu barədə olan fikirləri diqqət çəkir: “Səkkiz dubldan artıq kadr çəkməyə icazəmiz yox idi. Lətif müəllim çox istedadlı olduğuna görə üç dubldan artıq çəkmirdi. Moskvadan peşəkar montajçı Bajenovanı dəvət etmişdi. Çəkilən lentlər qüsursuz olaraq montaj olunur, lazım olan əlavə epizodları Arif Nərimanbəyov çəkib gətirirdi. 500 min rubl büdcəsi olan filmin çəkilişləri (hazırlıq dövrü iki, montaj prosesi üç ay) on iki aya yekunlaşdı. 

Filmin bəzi kadrları üçün quraşdırma səhnələrdən istifadə edirdik. Montaj prosesində Mirzə Mustafayevə (quraşdırılmış səhnələrin operatoru) təklif etdim ki, Məcnunun Kəbə divarı qarşısında dua etdiyi kadrda daşın üzərində Leylinin təsvirini canlandıraq. Daha inandırıcı təsir bağışlasın. Təklifim Mirzə müəllimin xoşuna gəldi. Fikrimin əyani təzahürü filmə əlavə olundu.

Filmin ssenari müəllifi olan yazıçı Ənvər Məmmədxanlı savadlı və təcrübəli insan idi. Mətnin tərcüməsinə (film rus dilində istehsal olunub – red.) özü nəzarət etmişdi. Dövlət Kino Komitəsi filmləri təhvil alarkən hər respublikaya aid olan redaksiya şöbəsi bilavasitə iştirak etdiyinə görə, Ənvər müəllim təklif etdi ki, mətni həmin redaksiya heyəti dublyaja getməmişdən əvvəl redaktə etsin. Mətn redaktə olunduqdan sonra film “Mosfilm” kinostudiyasında rus dilində dublyaj (Lətif Səfərovun nəzarəti altında) olundu. Yerli tamaşaçılar filmin zəif çəkilməsini qeyd edir, əsasən də Kima Məmmədovanın Leyli roluna çəkilməsinə narazılıqlarını bildirirdilər.

Lətif müəllim “Leyli və Məcnun” əsərini çox sevirdi. Əsərə müraciət etmə səbəbi də bu idi. Təəssüflər olsun ki, səhhətinin pisləşməsi, həyatının və iş rejiminin gərgin olması, yaradıcılığındakı müəyyən maneələr filmin zəif alınmasına səbəb oldu. Bədii Şura “film zəif çəkilib” deyərək filmi qəbul etmək istəmirdi. Nəticədə film üçüncü kateqoriyada qəbul olundu.  Lətif müəllim özü də “filmi tamamlamamışam” deyirdi...”.

Şəhla ƏMİRLİ
kinoşünas