Aprelin 27-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Əsgər Ələkbərovla Özbəkistanın ölkəmizdəki səfiri Baxrom Aşrafxanov arasında görüş keçirilib.
İdarədən bildirilib ki, görüşdə ölkələrimiz arasında mədəni və tarixi əlaqələrdən söz açılıb, tarixi və memarlıq quruluşları baxımından Özbəkistanın Xivə şəhərinin tarixi hissəsi – “İçan Kala” Qoruq Muzeyi ilə qədim İçərişəhər arasındakı oxşar cəhətlərdən bəhs edilib.
Hər iki tarixi məkanın UNESCO-nun Dünya irs siyahısında yer alması, eləcə də ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu nəzərə alınaraq, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “İçan Kala” Qoruq Muzeyi arasında əməkdaşlığın genişləndirilməsi üçün memorandumun imzalanmasının hər iki tərəf üçün əhəmiyyətli olacağı vurğulanıb.