Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva aprelin 30-da ölkəmizdə səfərdə olan Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşüb.

Günay Əfəndiyeva naziri salamlayaraq onun Azərbaycanın tarixi Zəfərindən sonra ölkəmizə səfərinin xüsusi önəm daşıdığını qeyd edib.  

Fevral ayında Fond ilə Litvanın Azərbaycandakı Səfirliyi arasında memorandumun imzalandığı, memorandumda qarşılıqlı mədəni mübadilə, Litvadakı türk kökənli azsaylı xalqların – tatarların və karaimlərin tarixi, mədəni irsinin qorunması ilə bağlı birgə əməkdaşlıq məsələlərinin də əksini tapdığı diqqətə çatdırılıb.

Fondunun prezidenti eyni zamanda 2021-ci ilin “Litva tatarlarının tarixi və mədəniyyəti ili” elan edilməsi məsələsinə toxunaraq, bunun Litvanın öz ərazisində yaşayan azsaylı xalqlara olan münasibətinin təzahürü olduğunu bildirib.

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Fondda olmasından böyük məmnunluq hissi keçirdiyini qeyd edərək, təşkilat ilə Litva arasındakı əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. Fond ilə tərəfdaşlıq münasibətlərinin gücləndirilməsindən bəhs edən nazir Günay Əfəndiyevanı Litvaya səfərə dəvət edib.

Görüşdə təşkilat ilə Litva arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən Litva səfirliyi ilə imzalanmış memorandum əsasında fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.