Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Xalq çalğı alətləri ifaçılığı kafedrasının təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyev BXA-nın tələbələrinə "Azərbaycan xalq rəqslərində musiqi və xoreoqrafik tərtibatın xarakterik xüsusiyyətləri" mövzusunda ustad dərsi keçib.

Ustad dərsini kafedranın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əhsən Əhmədov açaraq, Azərbaycan rəqs sənəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Bildirilib ki, rəqs sənətinin ən qədim formaları, insanların zəhmət prosesi ilə əlaqədar olaraq yaradılıb: "Özündə qədim irs və ənənələri daşıyan rəqs sənəti insanların məişətində adət ənənəsində müəyyən mövqe tutmaqla yanaşı, eyni zamanda qədim tarixi daşıyır. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir. Milli rəqslərimizə xas olan və onu başqa xalqların rəqslərindən fərqləndirən səciyyəvi cəhətlər sözsüz ki var. Rəqslər vasitəsilə hər kəs öz xalqına məxsus olan mənəvi -əxlaqi dəyərləri dərk edə bilir".

Sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyev BXA-nın tələbələrinə Azərbaycan xalq rəqslərində musiqi və xoreoqrafik tərtibatın xüsusiyyətləri barədə ustad dərsi keçib.

A.Əliyev instrumental alətlərlə "Nəlbəki", "Turacı", "Tello", "Vağzalı", "Gül dəstəsi", "Tərəkəmə", "Azərbaycan", "Şuşa", "Əsgərani", "Qazağı" rəqsi, Tofiq Quliyevin bəstəsi olan "İncəlik", Cahangir Cahangirovun bəstəsi olan "Qəhrəmanlıq" rəqslərini və digər milli rəqs nümunələrini ifa edib.