Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “Nizami Gəncəvi ili” çərçivəsində “Sənsiz” bədii qiraət müsabiqəsi keçirilib.

Layihənin məqsədi milli mədəniyyət məkanında yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır.

Aprelin 29-da müsabiqə iştirakçılarının çıxışları təqdim olunub. Münsiflər tərəfindən seçilən iştirakçılar aprelin 30-da mükafatlandırılıb. 

Birinci yerin qalibi müəyyənləşməyib. II yerin qalibləri Bakı Uşaq Teatrının aktyoru Niyaz Qasımov və Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Yaroslav Trifonov elan olunub. III yerin mükafatçıları Mingəçevir Dövlət Dram Teatrının aktrisası, Xalq artisti Ella Yaqubova və Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası Bahar Həmzəyeva olub.

Bundan başqa, “Münsiflər heyətinin xüsusi diplomu ilə” və “Müsabiqədə iştiraka görə” təltif olunanlar da  olub.

 

Münsiflər heyətinin xüsusi diplomu ilə təltif olunanlar:

Naibə Şirinova (Alman-Azərbaycan Ziyalılar Birliyinin sədri)

Nəsimi Məmmədzadə (Naxçıvan Dövlət Musiqili Dram Teatrı)

Gülər Kərimova (Lənkəran Dövlət Dram Teatrı)

Elçin Muradov (Bakı Bələdiyyə Teatrı)   

Dilarə Nəzərova (ADMİU-nun tələbəsi)

 

Müsabiqədə iştiraka görə təltif olunanlar:

Aygün Fətullayeva (Dövlət Gənc Tamaşaçılar Teatrı)

Elmir Hümbətov (Ağdam Dövlət Dram Teatrı)

Kamran Muradlı (Sumqayıt Dövlət Dram Teatrı)

Qaçaq Qarayev (Füzuli Dövlət Dram Teatrı)

Zəmanə Dərviş (Qazax Dövlət Dram Teatrı)

Vəfa Hacızadə (Lənkəran Dövlət Dram Teatrı)

Kəmalə Səfərova (Qusar Dövlət Ləzgi Dram Teatrı)

Fatimə Qasımova (ADMİU-nun tələbəsi)

Aytac Zeynalova (ADMİU-nun tələbəsi)

 

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətov müsabiqədə iştirak edənlərə təşəkkürünü bildirib, onların Nizami Gəncəvi yaradıcılığına münasibətini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan Teatr Xadimləri İttifaqı bundan sonra da müxtəlif tədbir və layihələrlə ədəbiyyat və mədəniyyət xadimlərinin yaradıcılığının təbliğinə, milli mədəniyyətimizin inkişafına öz töhfəsini verəcək.

Qeyd edək ki, müsabiqənin münsiflər heyətində Teatr Xadimləri İttifaqının “Dramaturgiya” laboratoriyasının rəhbəri, Xalq artisti Ramiz Fətəliyev, “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın rəhbəri, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, “Aktyorluq laboratoriyası”nın rəhbəri Məhəmməd Verdiyev, ADMİU-nun kafedra müdiri, Əməkdar artist Azad Şükürov, Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov təmsil olunublar.