Xəbər verdiyimiz kimi, ölkəmizdə səfərdə olan Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis aprelin 30-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib. Əvvəlcə Fondun prezidenti Günay Əfəndiyeva və litvalı nazir arasında görüş keçirilib. Sonra “Litva tatarları” fotosərgisinin açılışı olub.

Günay Əfəndiyeva qonaqları salamlayaraq, türk dünyasının uzun tarix boyu ən güclü mədəniyyətlərin və sivilizasiyaların yaranmasına, inkişafına böyük təsir göstərən unikal bir məkan olduğunu bildirib. Qeyd edib ki, bu gün türkdilli xalqlar öz tarixi hüdudlarından kənarda da yayılıblar və Litvada yaşayan tatarlar buna örnəkdir.

Fondun prezidenti  2021-ci ilin “Litva tatarlarının tarix və mədəniyyət ili” elan edilməsini Litva Respublikasının türk dünyasına verdiyi dəyərin gözəl nümunəsi kimi qiymətləndirib. Diqqətə çatdırılıb ki, bu ölkədə yaşayan etnik azlıqların tarixinə və mədəniyyətinə xüsusi diqqət ayrılması Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva səfirliyi arasında bu ilin fevral ayında əməkdaşlıq memorandumunun imzalanmasına səbəb olub.

Mərasimdə çıxış edən Qabrielius Landsberqis deyib: “Bu gün biz yeddi əsr əvvəl baş verən mühüm hadisələrdən bəhs edərək, xalqlar arasında yaranan mədəni bağların tarixi haqqında fikir mübadiləsi apardıq. Litvada kiçik, ancaq özünəməxsus azsaylı nümayəndələr – tatar və karaimlər yaşayır. Tatar və karaim xalqları XV əsrdə Böyük Litva Knyazlığı tərəfindən Krım ərazisindən Litvaya dəvət olunublar. Bütün bu vaxt ərzində tatar və karaimlər azlıq təşkil etmələrinə baxmayaraq öz kimliklərini qorumağa nail olublar”.

Tarixi faktlara toxunan nazir vurğulayıb ki, 1918-ci ildə bir çox tatarlar Azərbaycan Demokratik Respublikasında müxtəlif qurumların yaradılmasında da yaxından iştirak ediblər.

Qabrielius Landsberqis Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva arasında yaranan tərəfdaşlıq əlaqələrinə və Litva tatarları ilə bağlı təşkil edilən tədbirə görə Günay Əfəndiyevaya təşəkkürünü bildirərək, Kaunas məscidinin tarixi fotoşəklini quruma bağışlayıb. Günay Əfəndiyeva Qarabağ məktəbinə məxsus olan Azərbaycan xalçasını Qabrielius Landsberqisə təqdim edib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgidə Litva tatarlarının görkəmli şəxsiyyətlərinin portretləri, onların adət-ənənələrini əks etdirən tarixi fotolar yer alıb.

Tədbir çərçivəsində musiqi proqramı da təqdim olunub. Raşid Timerbulatov bayanda tatar xalq musiqisini, Nailə İsmatulina “Kaz kanatı”, Zeynəb Aliulova “Geljamal” tatar xalq mahnılarını ifa edib, Amal Ahmedulin tatar xalq rəqsini nümayiş etdirib.