Rusiyada fəaliyyət göstərən Çuvaş Respublikası Xalqlarının Dostluq Assambleyası və Çuvaş Azərbaycanlıları Liqasının təşəbbüsü ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Çeboksarı şəhərinin cənub qəsəbəsindəki abidəsi önündə tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, çıxış edənlər bu il Azərbaycanda və bir sıra ölkələrdə qüdrətli söz ustadının anadan olmasının 880 illik yubileyi münasibətilə silsilə tədbirlərin keçirildiyini vurğulayıblar. Nizami Gəncəvinin Azərbaycanın qədim Gəncə şəhərində doğulub, fəaliyyət göstərdiyi, ictimai-fəlsəfi və bədii-estetik düşüncə tarixini zənginləşdirən “Xəmsə”sini Gəncədə yazdığı, yüksək mənəvi keyfiyyətlər aşılayan yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyət kəsb etdiyi bildirilib. Qeyd olunub ki, Nizami Gəncəvi bənzərsiz yaradıcılığı ilə əsrlərlə davam edən ədəbi məktəb formalaşdırıb, müxtəlif ölkələrdə onun ənənələrinin davamçıları yetişib.

Tədbir abidənin önünə çiçəklərin düzülməsi ilə yekunlaşıb.

Qeyd edək ki, Nizami Gəncəvinin Çeboksarı şəhərinin cənub qəsəbəsindəki heykəlinin açılış mərasimi 2004-cü il fevralın 24-də keçirilib. Abidənin müəllifi Azərbaycanın Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovdur.