Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) “Nizami Gəncəvinin humanist ideyaları və bunun gənc nəslin tərbiyəsindəki rolu” mövzusunda tədbirdə keçirilib. “Nizami Gəncəvi İli” ilə bağlı təşkil olunan tədbirdə Daşkənd Dövlət Stomatologiya İnstitutunun tələbələri də iştirak edib.

Əvvəlcə tələbələr mərkəzin foyesində dahi Nizami Gəncəviyə həsr olunmuş kitab və fotolardan ibarət sərgilərə baxıblar. Sərgidə Nizami Gəncəvi şəxsiyyəti, şairin yaradıcılığı, hikmətli sözləri, habelə ölkəmizə dair maraqlı kitablar nümayiş etdirilir. Sonra AMM-dəki Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi və Xalça Muzeyi ilə tanışlıq olub.

Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova Azərbaycan-Özbəkistan dostluğundan danışıb, xalqlarımız arasında əlaqələrin inkişafında gənclərin də üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib, gənclərin elm və biliklərə yiyələnmələrinin vacibliyini vurğulayıb.

Daha sonra mərkəzin kitabxanasında açıq dərs keçirilib, Nizami Gəncəvinin həyat və yaradıcılığı, Azərbaycanda “Nizami Gəncəvi İli” ilə əlaqədar təşkil olunan tədbirlər haqqında məlumat verilib. Bildirilib ki, AMM-in təşəbbüsü ilə Nizami Gəncəvinin “Xəmsə”si özbək dilində nəfis tərtibatla çap olunub. Tələbələr dahi şairin əsərlərindən parçalar söyləyib.

Tədbirdə gənclərə Azərbaycanın 44 günlük Vətən müharibəsi şanlı Qələbəmizlə bağlı da məlumat verilib.