3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür

Hər il mayın 3-ü dünyada Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd olunur.

1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşan jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dünya hökumətlərini mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran "Vindhuk Bəyannaməsi"ni qəbul ediblər.

UNESCO bu sənədi dəstəkləyərək həmin günün “Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü” kimi qeyd etmək təklifini BMT-yə göndərib. 1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü “Beynəlxalq Söz və  Mətbuat Azadlığı Günü” (World Press Freedom Day) elan olunub.

Əlamətdar gün hər il bir mövzuya həsr olunur. Builki tədbirlər “İnformasiya ictimaiyyətin faydası kimi” devizi ilə keçirilir. Bu mövzunun seçilməsində məqsəd informasiyanın ictimai həyatda əhəmiyyəti, jurnalistikanı gücləndirmək, şəffaflığı və səlahiyyətlərini artırmaq üçün məzmun yaratmaq və bunun üçün nələrin edilə biləcəyini araşdırmaqdan ibarətdir.

Müstəqil Azərbaycanın Konstitusiyasında,  insan hüquq və azadlıqları ilə bağlı dövlət siyasətində söz və mətbuat azadlığı məsələləri də mühüm yer tutur. 1998-ci il avqustun 8-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzalayıb. Bu fərmanla kütləvi informasiya vasitələrində senzura tamamilə ləğv olunub. Ötən dövrdə azad sözün cəmiyyət həyatında üstün yer tutması, maneəsiz yayılması üçün zəruri addımlar atılıb.

NURƏDDİN