Pandemiya dövründə müxtəlif layihələrlə fəal iş rejimində olmağa çalışan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə “Peyvənd olunaq ki, tezliklə görüşə bilək” çağırışı ilə sevimli tamaşaçılarına müraciət edib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, koronavirus pandemiyası ilə mübarizə apardığımız günümüzün vacib mövzusunu — peyvənd olunmaq çağırışımı hər kəsə ünvanlayan qısametrajlı videoçarx teatrın da, aktyorların da, həmişə izdihamlı olan, bu gün boş qalan zalın da sevimli tamaşaçılar üçün darıxdığını əks etdirməklə hər kəsin duyğularına toxunur.

Sevimli aktyorlarına gül dəstələri ilə qovuşmağa çalışan tamaşaçıların bağlı qapı arxasında qalmaları da hər kəsi bu barədə ciddi düşünməyə sövq edir. Koronavirus əleyhinə peyvəndin nə qədər vacib olduğu bir daha diqqətə çatdırılır.

Layihənin ideya müəllifi teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, rejissoru Samir Qulamovdur. Operator və montaj işi Hikmət Şahverdizadəyə məxsusdur.