Azərbaycan

 

9 may 1909 – Ədəbiyyatşünas alim, akademik Məmməd Cəfər (Məmməd Zeynalabdin oğlu Cəfərov; 1909-1992) Naxçıvanda anadan olub. Ədəbiyyat tarixi və nəzəriyyəsinə dair əsərlərin müəllifidir.

9 may 1917 – Xalq artisti, tarzən Əliağa Eyvaz oğlu Quliyev (1917 – 11.1.1998) anadan olub.

9 may 1928 – Xalq artisti, violonçel ifaçısı Sabir Hüseynəli oğlu Əliyev (1928 – 26.10.1983) anadan olub. Milli violonçel ifaçılığı sənətinin əsasını qoyub, Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.

9 may 1940 – Əməkdar artist Şamil Mahmud oğlu Dəmirçiyev (1940-2002) anadan olub. İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru olub, Musiqili Komediya Teatrında çalışıb.

9 may 1941 – Tanınmış aktyor Kamil Fərman oğlu Məhərrəmov (1941 – 8.10.1993) Bakıda doğulub. Sumqayıt Dövlət Dram Teatrında çalışıb, “Dərviş Parisi partladır”, “Yol əhvalatı” və s. filmlərdə yaddaqalan rollar oynayıb.

9 may 1967 – Əməkdar artist Xanım Abdulqafar qızı Qafarova (1967 – 11.7.2014) Bakıda anadan olub. Akademik Musiqili Teatrda çalışıb, filmlərdə çəkilib.

9 may 2019 – Görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı Arif Cahangir oğlu Məlikov (13.9.1933 – 2019) vəfat edib. “Məhəbbət əfsanəsi” baleti, “Dalğalar” operettası, simfonik əsərlərin müəllifidir. Filmlərə (“Sehrli xalat”, “Axırıncı aşırım”), tamaşalara musiqi yazıb. Bakı Musiqi Akademiyasının professoru olub.

 

10 may 1910 –  Əməkdar incəsənət xadimi, rejissor Həsən Səfər oğlu Ağayev (1910-1986) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrında çalışıb.

10 may 1922 – Əməkdar rəssam Cabbar Əli oğlu Quliyev (1922 – 27.8.2004) Qərbi Azərbaycanın Zəngibasar mahalında (Ermənistanın Masis rayonu) anadan olub. Aşıq Ələsgər, Xəstə Qasım və başqa el sənətkarlarının portret-obrazlarını yaradıb.

10 may 1926 – Yazıçı-ssenarist Əhmədağa Muğanlı (Əhmədağa Əkbər oğlu Qurbanov; 1926 – 4.8.2001) Biləsuvar rayonunun Əliabad kəndində doğulub. “Dağlarda döyüş”, “Qocalar, qocalar...”, “Doğma sahillər” və s. bədii filmlərin ssenari müəllifidir.

10 may 1934 – Ədəbiyyatşünas, professor Şamil Dünyamalı oğlu Qurbanov (1934-2004) Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində doğulub.

 

11 may 1915 – Görkəmli heykəltəraş, Xalq rəssamı Fuad Həsən oğlu Əbdürrəhmanov (1915 – 15.6.1971) Şəkidə anadan olub. Nizami Gəncəvinin (Bakıda və Gəncədə), Səməd Vurğunun abidələrinin, “Azad qadın” heykəlinin müəllifidir.

11 may 1928 – Əməkdar mədəniyyət işçisi, aktyor, kino təşkilatçısı Nəriman Qulam oğlu Axundov (1928-2009) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında müxtəlif vəzifələrdə çalışıb.

11 may 1935 – Xalq yazıçısı Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov (1935 – 22.3.2016) anadan olub. Bir sıra əsərləri (“Mezozoy əhvalatı”, ”Bayquş gələndə”) ekranlaşdırılıb. “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” və s. filmlərin ssenari müəllifidir. Milli Məclisin deputatı (1995-2010) olub.

11 may 1946 – Əməkdar rəssam Nazim Şamil oğlu Rəhmanov (1946-2003) anadan olub. Əsərləri Moskva Şərq Xalqları İncəsənəti Muzeyində, şəxsi kolleksiyalarda saxlanılır.

 

12 may 1907 – Xalq artisti, bəstəkar və pedaqoq Səid Rüstəmov (1907 – 10.6.1983) İrəvanda anadan olub. “Beş manatlıq gəlin”, “Durna” və s. musiqili komediyalarının, populyar mahnıların (“Qurban adına”, “Oxu, gözəl” və s.) müəllifidir. Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və dirijoru olub.

12 may 1915 – Xalq rəssamı, heykəltəraş İbrahim Əli oğlu Quliyev (1915 – 16.6.1971) Şəkidə doğulub. Azərbaycanın ilk peşəkar heykəltəraşlarından biridir, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü olub.

12 may 1940 – Əməkdar mədəniyyət işçisi, şair, tərcüməçi, ədəbiyyatşünas Abbas Abdulla (Hacaloğlu; 1940 – 4.9.2019) Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçi kəndində doğulub. Ukrayna ədəbiyyatından tərcümələr edib.

12 may 1940 – Əməkdar incəsənət xadimi, heykəltəraş Vaqif Osman oğlu Nəzirov (1940-2020) anadan olub. Sumqayıtdakı “Sülh göyərçini” abidəsinin həmmüəllifidir.

12 may 1944 – Tanınmış rəssam Ənvər Əmirhüseyn oğlu Əliyev (1944-2003) Bakıda anadan olub. Üzeyir Hacıbəylinin, başqa görkəmli şəxsiyyətlərin portretlərini çəkib.

12 may 1952 – Əməkdar artist Azər Əlibaba oğlu Mirzəyev (1952 – 19.7.2014) Zərdab rayonunun Əlvənd kəndində doğulub.

12 may 2011 – Görkəmli rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 18.10.1949 – 2011) vəfat edib. Yuğ teatrının yaradıcısıdır. Musiqili Komediya, Milli Dram teatrlarında tamaşalar hazırlayıb, filmlərdə çəkilib.

 

Dünya

 

9 may 1883 – Tanınmış ispan yazıçısı və filosofu Xose Orteqa-i-Qasset (1883-1955) anadan olub. Əsərləri: “Kütlələrin üsyanı”, “İncəsənətin humanistsizləşdirilməsi” və s.

9 may 1924 – Gürcü əsilli rus-sovet şairi, nasir, ssenarist Bulat Şalvoviç Okucava (1924-1997) Moskvada doğulub. Əsərlərini rusca yazıb, populyar müəllif mahnılarının ifaçısı kimi tanınıb.

 

10 may 1888 – Amerika kino bəstəkarı Maks Stayner (Maximilian Raoul Steiner; 1888-1971) anadan olub. Ən yaxşı kino musiqisinə görə üç dəfə “Oskar” alıb.

10 may 1903 – Özbək şairi Qafur Qulam (1903-1966) anadan olub. Nizami Gəncəvinin əsərlərini özbək dilinə tərcümə edib.

10 may 1937 – Tacik aktyoru, teatr rejissoru, SSRİ Xalq artisti Həşim Qadoyev anadan olub. Azərbaycanda “Dədə Qorqud” (Qazan xan), “Əzablı yollar” (Qarayel) filmlərində çəkilib.

 

11 may 1864 – İngilis yazıçısı Etel Lilian Voyniç (1864-1960) anadan olub. Polşa inqilabçısı M.Voyniçin həyat yoldaşı olub. “Ovod” əsərini italyan xalqının XIX əsrin 30-40-cı illərindəki azadlıq mübarizəsinə həsr edib.

11 may 1904 – İspan rəssamı, heykəltəraş, yazıçı Salvador Dali (Salvador Felipe Jacinto Dali; 1904 – 23.1.1989) anadan olub. Sürrealizmin banilərindən biridir. Əsərləri: “Yaddaşın sabitliyi”, “Venera Milosskaya qutularla”, “Xəlvəti şam” və s.

11 may 1916 – İspan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1989) laureatı Kamilo Xose Sela (Camilo Jose Cela; 1916-2002) anadan olub. “Paskual Duartenin ailəsi”, “Arı şanı” və s. romanların müəllifidir.

 

12 may 1842 – Fransız bəstəkarı, lirik operaların müəllifi Jül Massne (Jules Massenet; 1842-1912) anadan olub. Əsərləri: “Verter”, ”Tais” və s.

12 may 1907 – Məşhur Amerika kinoaktrisası Ketrin Hepbern (Katharine Hepburn; 1907-2003) anadan olub. Dörd dəfə “Oskar” mükafatına layiq görülüb. Filmləri: “Erkən şöhrət”, “Filadelfiya əhvalatı”, “Adəmin qabırğası” və s.

Hazırladı: Vüqar ORXAN