Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Qazax, Ağstafa, Tovuz, Astara, Salyan dövlət rəsm qalereyalarının dərnək üzvləri üçün onlayn treninq keçirilib.

“Altay Hacıyev yaradıcılığında milli ruh” mövzusunda treninq Azərbaycan Dövlət Rəsm Qalereyasının elmi işçisi Vaqif Muğallı tərəfindən aparılıb.

Müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Xalq rəssamı Altay Hacıyev (1931-2019) uzun illər kitab qrafikası, tərtibatı və illüstrasiyası sahəsində uğurla fəaliyyət göstərib. Onun yaratdığı silsilə lövhələrdə insan əməyinin əzəməti, zəhmətə inamın təntənəsi və gələcəyə ümid rənglərin ən incə çalarlarında ifadəsini tapıb. Rəssam  Azərbaycan xalqının yetirdiyi görkəmli şəxsiyyətlərin obrazlarını qədim miniatür sənətimizə, ədəbi-mədəni fikir tariximizə və çoxəsrlik ənənələrimizə bağlılığı sayəsində tam dolğunluğu ilə canlandırmağa müvəffəq olub. Bu əsərlər böyük bədii-estetik təsir qüvvəsinə malik olub, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayır.