Həyatımızın bütün sahələrinə nüfuz edən informasiya-kommunikasiya texnologiyaları turizmdə də geniş tətbiq olunmaqdadır. Müasir dövrdə turizmlə bağlı ənənəvi təbliğat vasitələri, məsələn, çap məhsulları, beynəlxalq sərgilərdə iştirak, reklam çarxlarının istehsalı ilə yanaşı, elektron resursların da rolu böyükdür.
   
   Artıq turizm üzrə inkişaf etmiş ölkələrin əksəriyyətində elektron turizmin xidmətlərindən istifadə geniş yayılıb. İnsanlar turist səfərinə getmək istədikləri məkanlar, oradakı xidmətlər və s. barədə İnternet vasitəsilə ətraflı məlumat alırlar. Bəyəndikləri məkanda özlərinə yer seçib pulunu da elektron köçürmə yolu ilə ödəyirlər.
   Bu baxımdan bizə qonşu ölkələrin təcrübəsi maraq doğurur. Məsələn, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ölkədəki hotellər haqqında ətraflı məlumat verən vahid veb-sayt hazırlayır. Bu saytda bu ölkənin lisenziya almış hotel və kurortları barədə ətraflı məlumat, o cümlədən onların rəsmi adları, yerləşdiyi yer, növü və kateqoriyası və s. yerləşdiriləcək. Bu növ məlumatın veb-saytda yerləşdirilməsi turistlərə mehmanxana seçimində yardım edir. Turistlər sözügedən veb-sayt vasitəsilə hər hansı hotel, o cümlədən mehmanxananın lazımi icazəsinin və lisenziyasının olub-olmaması, rəsmi statusu barədə də məlumat ala bilirlər.
   Onu da qeyd edək ki, Azərbaycanda da bu texnologiyanın tətbiqi ilə bağlı bəzi işlər görülüb. 2009-cu ildə Bakı Turizm-İnformasiya Mərkəzi bu məqsədlə yaradılmış onlayn-sisteminin təqdimatını keçirib. Bəs hazırda sözügedən məsələ ilə bağlı ölkəmizdə vəziyyət necədir?
   
   Azərbaycanda elektron turizm yeni tətbiq edilir
   
   BMT-nin turizm-inkişaf layihəsinin milli koordinatoru, turizm üzrə mütəxəssis Faiq Qürbətovun dediyinə görə, elektron turizm internet şəbəkəsində istehlakçıların turizm xidmətlərindən istifadəni rahat yolla əldə etməsi üçün yaradılıb: «Bunun üçün şirkətlər, hotellər və turizm fəaliyyəti ilə məşğul olan qurumlar xidmətlərinin satışını təşkil edirlər. Azərbaycanda bu işə yeni başlanıb. Xidmətlər haqqında məlumatlar saytlarda var, amma internet ödəmələri o qədər də inkişaf etməyib. Hazırda həm hökumət, həm də şirkətlər tərəfindən bu istiqamətdə işlər aparılır. Yəqin ki, Azərbaycan vətəndaşları bu xidmətlərdən yaxın zamanlarda istifadə edə biləcəklər».
   Bakı Turizm-İnformasiya Mərkəzinin yaratdığı onlayn sistemə gəldikdə isə həmsöhbətimiz bildirdi ki, adıçəkilən mərkəzin belə bir saytı var: «Hazırda turizm şirkətləri və hotellərlə danışıqlar gedir. Bakı Turizm-İnformasiya Mərkəzinin rəhbərliyi istəyir ki, yaratdığı sayt müştərilərlə turizm obyektləri arasında bir körpü rolunu oynasın. Bəzi texniki və inzibati şərtlər yerinə yetirildikdən sonra yerli və xarici müştərilər həmin sayt vasitəsilə istədikləri yeri bron edib, ödəməsini də apara biləcəklər».
   
   Turizmin inkişaf etdiyi bütün ölkələrdə elektron sistem əvəzsiz vasitədir
   
   Azərbaycan Turizm İnstitutunun Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Eldar Aslanovun fikrincə, elektron turizmin ölkəmizdə tətbiqi ilə bağlı hələ xeyli iş görülməlidir: «Elektron turizmin xidmətlərindən istifadə xərclərin azaldılmasına mühüm təsir edir. Əksər tanınmış hava yolları şirkətləri artıq elektron bilet satışından istifadə edir. Bir neçə səbəbdən bu vacibdir. Ən azı ona görə ki, müştəri uçuş qrafiki ilə bağlı bütün detalları bilir. Amma Azərbaycanda bunun tətbiqi ilə bağlı hələlik yüksək fikir söyləmək mümkün deyil. Avropa ilə müqayisədə biz bu sahədə hələ xeyli geri qalırıq. Bununla belə, «Elektron Azərbaycan», «Elektron Hökumət» layihələri çərçivəsində işlər görülür. Amma vətəndaşlarımızın kütləvi surətdə elektron informasiya texnologiyalarından istifadəsi yetərli deyil. Xüsusilə regionlarda, turizm bölgələrində internetə çıxış imkanları məhduddur».
   E.Aslanov deyir ki, Türkiyədə bu məsələyə çox böyük önəm verilir. Orada bütün turizm bölgələrində yerləşən hotellər haqqında məlumatın yer aldığı portallar var: «Hətta xarici ölkələrdə elə imkanlar var ki, insanlar öz maşınlarında getdikləri yerdə hansısa bir bölgənin sosial infrastruktur xidmətləri barədə yetərincə məlumat əldə edə bilirlər. Turizmin inkişaf etdiyi bütün ölkələrdə bu sistemlər var. Azərbaycanda turizm sahəsi elə bir inkişaf mərhələsindədir ki, biz hər şeyə addım-addım getməliyik. Konkret olaraq, elektron turizmlə bağlı çox işlər görülməlidir».
   Mütəxəssis «2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”ında bu məsələnin də yer aldığını bildirdi: «Dövlət Proqramı bizim üzərimizə bir öhdəlik qoyur ki, yaxın beş il ərzində Azərbaycanda turizmin inkişafında informasiya texnologiyalarının tətbiqini gücləndirək. Turizm İnstitutu olaraq biz bu məsələyə böyük önəm veririk. Bununla bağlı institutda kafedra da fəaliyyət göstərir».
   Həmsöhbətimizin fikrincə, burada müştərilərdən də çox şey asılıdır. Belə ki, hotel sahibi görsə ki, turist internet vasitəsilə məlumat əldə etməkdə maraqlıdır, onda o da öz işini bu istqamətdə qurmağa çalışar.
   
   Turizm müəssisələri elektron xidmətin əhəmiyyətini yetərincə bilmirlər
   
   Quba Turizm-İnformasiya Mərkəzinin rəhbəri Könül Hacıyeva deyir ki, Azərbaycanda turizm sahəsi hələ yeni təşəkkül tapdığından həm vətəndaşlarımız, həm də obyekt sahibləri elektron xidmətin əhəmiyyətini o qədər də anlamırlar: «Amma biz bu işi görürük. Rayon ərazisində fəaliyyət göstərən hotellər haqqında məlumatları və şəkilləri öz elektron saytımıza daxil edirik. Onu da qeyd edim ki, gələn turistlərin əksəriyyəti məlumat almaq üçün bizə müraciət edirlər. Bir neçə ildir fəaliyyət göstəririk. Bu il bizə müraciət edənlərin sayı daha çoxdur. Bu da getdikcə tanınmağımızın göstəricisidir».
   
   Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar