Hərbi hissədə “Eşqdir mehrabı uca göylərin” adlı ədəbi-musiqili kompozisiya
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması və şairin 880 illik yubileyi ilə əlaqədar hərbi hissələrdə də silsilə tədbirlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu münasibətlə N saylı hərbi hissədə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ədəbi-musiqili tədbir keçirilib.
Çıxış edənlər vurğulayıblar ki, “Nizami Gəncəvi İli”nin elan edilməsi ölkə rəhbərliyi tərəfindən milli-mənəvi dəyərlərə göstərilən xüsusi diqqətin, azərbaycançılığa, tarix və mədəniyyətimizə ehtiramın təzahürüdür. Bildirilib ki, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq vətəndaş və şəxsiyyətlərin formalaşdırılmasının mühüm vasitələrindən biri Azərbaycanın tarixini, mədəniyyətini dərindən öyrənməkdir.
Sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və rəqs ansamblının ifasında Nizami Gəncəvi və Əfzələddin Xaqaninin əsərlərinə yazılmış romanslar və muğam parçalarından ibarət “Eşqdir mehrabı uca göylərin” adlı ədəbi-musiqili kompozisiya təqdim olunub.