Bu il hərbi quruculuq tariximizdə xüsusi yeri olan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 50 illik yubileyidir. Ölkə başçısının yubileylə bağlı imzaladığı 2021-ci il 14 aprel tarixli sərəncama əsasən, Müdafiə Nazirliyi tərəfindən tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, növbəti tədbirdə liseyin şəxsi heyəti, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti və liseyi əvvəlki illərdə bitirən məzunlar iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Bəkir Orucov və digər çıxış edənlər liseyin ötən müddət ərzində respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanmasında rolundan söz açıblar. Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə liseyin məzunları həmişə ön sıralarda yer alıblar. Onlar göstərdikləri şücaətə görə orden və medallarla təltif olunub, “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” adlarına layiq görülüblər.

Sonra musiqili proqram təqdim olunub. Xalq artisti Azərinin ifa etdiyi hərbi vətənpərvərlik mövzusunda mahnılar maraqla dinlənilib.