Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Bəxtiyar Vaqif oğlu Qılıncov Masallı Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib. 

Bəxtiyar Qılıncov 1974-cü ildə anadan olub. Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunda bakalavr, Bakı Dövlət Universitetində magistr pilləsi üzrə təhsil alıb. 1999-cu ildən Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında statistika üzrə mütəxəssis kimi fəaliyyət göstərib. 2001-2018-ci illərdə Gənclər, İdman və Turizm, Mədəniyyət və Turizm nazirliklərində müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildən son təyinatadək Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsində işləyib. İqtisad üzrə fəlsəfə doktorudur. 2017-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

***

Nazir Anar Kərimovun digər əmrinə əsasən, Şahin Yusif oğlu Şahbazov Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.

Şahin Şahbazov 1984-cü ildə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavr pilləsini (“Muzey işi və abidələrin mühafizəsi” ixtisası), Bakı Dövlət Universitetinin magistr pilləsini (Tarix fakültəsi) fərqlənmə diplomları ilə bitirib. Əmək fəaliyyətinə 2004-cü ildə Qobustan Milli Tarix-Bədii Qoruğunda başlayıb. 2013-2021-ci illərdə Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Son təyinatadək Muzeylərlə iş sektorunda baş məsləhətçi işləyib. 2012-2018-ci illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı olub. 2019-cu ildən həmçinin Xəzər Universitetində pedaqoji fəaliyyət göstərib. Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvüdür.