Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan “Digitalart-lab” layihəsi may ayının sonuna kimi davam edəcək.

Layihə rəqəmsal incəsənətin formalaşması, rəssamların bədii yaradıcılıq axtarışlarını, onların yaradıcılığındakı müasir tendensiyaları, orijinal ideyaları geniş ictimaiyyətə təqdim etmək, həmçinin bu istiqamətdə çalışan rəssamları dəstəkləmək məqsədilə həyata keçirilir.

Ötən müddətdə layihə çərçivəsində rəssam Natiq Kamalın “Game promo-art”, rəssam dizayner Hüseyn Rzayevin “Personaj dizaynı”, qrafik dizayner və illüstrator Mahir Qafarovun “Rəqəmsal karikatura sənəti”, Amil Quliyevin “Concept art”, animator Mansur Şəfiyevin “Azərbaycanda animasiya sahəsi”, habelə vizual effektlər üzrə rəssam Hacı Qədirovun,  3D modelləşdirmə üzrə rəssam Əsgər İsmayılovun ustad dərsləri təqdim olunub.

Azərbaycan Dövlət Rəsm Qalereyasının şöbə müdiri Nərgiz Əsgərovanın moderatorluğu ilə gerçəkləşən “Digitalart-lab” layihəsinin ustad dərsləri qalereyanın saytı və sosial media hesabları vasitəsilə yayımlanır.