Mayın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbi və Cövdət Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə “Nizami Gəncəvinin əsərləri Azərbaycan bəstəkarlarının yaradıcılığında” mövzusunda virtual elmi konfrans keçirilib.
Konfransda Bakı şəhər musiqi və incəsənət məktəblərinin direktorları və nəzəriyyə şöbəsinin müəllimləri, Əməkdar rəssam Elturan Avalov və başqaları iştirak ediblər.
F.Əmirov adına 6 nömrəli İncəsənət məktəbinin direktoru Adilə Yusifova konfransı açaraq iştirakçılara uğurlar arzulayıb.
Konfransda Ü.Hacıbəylinin “Sənsiz” romansı, Ə.Bədəlbəylinin “Nizami”, Niyazinin “Xosrov və Şirin”, S.Hacıbəyovun “İsgəndər və çoban” operaları, F.Əmirovun “Nizami” simfoniyası, Q.Qarayevin “Yeddi gözəl” baleti, “Leyli və Məcnun” simfonik poeması haqqında müəllim və şagirdlərin məruzələri dinlənilib, videoslaydlar təqdim edilib.
Sonda Ü.Hacıbəylinin “Sevgili canan” romansı F.Əmirov adına məktəbin müəlliminin ifasında videoformatda təqdim olunub.