Sürəyya Ağaoğlunun kitabının təqdimatı
Mayın 5-də Bakı Kitab Mərkəzində Türkiyənin və türk dünyasının ilk qadın vəkili, beynəlxalq qadın hərəkatının görkəmli nümayəndələrindən biri kimi tanınan soydaşımız Sürəyya Ağaoğlunun “Bir ömür belə keçdi” kitabının təqdimatı keçirilib.
Nəşrin layihə rəhbəri Sara Axundova, kitabın Azərbaycan dilinə tərcüməsinin və ön sözün müəllifi professor Vilayət Quliyevdir.
Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Günel Anarqızı bildirib ki, Sürəyya Ağaoğlunun Türkiyənin və bütövlükdə türk dünyasının ilk qadın vəkili olması hamımızda qürur hissi yaradır. Kübar xanım kimi qardaş Türkiyədə hörmət qazanan Sürəyya Ağaoğlunun keçdiyi həyat yolu hamımız üçün nümunədir.
Diqqətə çatdırılıb ki, kitabın satışından əldə edilən gəlir ailədə zorakılığa qarşı mübarizə sahəsində çalışan təşkilatlara yönləndiriləcək: “Xeyriyyəçi qadın Sürəyya Ağaoğlu Türkiyədə uşaq evini öz himayəsinə götürmüşdü, bizim bu təşəbbüsümüz də xeyriyyə məqsədi daşıyır”.
Təqdimatda çıxış edən tarixçi Fərhad Cabbarov ötən əsrin əvvəllərində Azərbaycanın öndə gedən simaları sırasında Sürəyyanın atası Əhməd bəy Ağaoğlunun fəaliyyətindən söz açıb. Bildirib ki, Əhməd bəy Ağaoğlu peşəkar milli jurnalistikanın inkişafında, eləcə də ilk milli partiyanın (“Difai”) yaradıcılarından biri kimi erməni terrorunun qarşısını almaqda müstəsna xidmət göstərib.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə üzv seçilmiş Əhməd bəy Ağaoğlu milli dövlətin süqutundan sonra Türkiyəyə mühacirət edib, qardaş ölkənin ictimai-siyasi həyatında böyük rol oynayıb, Anadolu Agentliyinin rəhbəri olub. Onun qızı Sürəyya Ağaoğlunun da ömrünün böyük hissəsini qadın hüquqları uğrunda mübarizəyə həsr etdiyini bildirən F.Cabbarov deyib: “İslam və İslamda qadın” kitabında Sürəyya Ağaoğlu apardığı məhkəmə proseslərini təsvir edib və oxucuya həmin dövrdə qadın hüquqları barədə dolğun məlumat çatdırıb. “Bir ömür belə keçdi” kitabının ötən il Vətən müharibəsi günlərində işıq üzü görməsi xoş hadisə və Şuşada anadan olan Sürəyya Ağaoğlunun ruhuna ehtiramdır. Sürəyya Ağaoğlu bu kitabda ötən əsrin 20-ci illərində Şuşada, Türkiyəyə mühacirət etdikdən sonra isə qardaş ölkədə gedən prosesləri təsvir edib”.
Bu ideyanın ötən il yarandığını söyləyən layihə rəhbəri Sara Axundova kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkür edib.
Qeyd olunub ki, kitabdan əldə olunacaq gəlirin bir hissəsi regionlarda uşaq hüquqlarının qorunması işinə sərf ediləcək.