Ustad Seyfəddin Mənsimoğlunun yubiley portreti
Sənət aləmində bədii proseslərin duyulası dərəcədə mürəkkəbləşdirilmiş rəmzlərlə dolu bugünkü xaotik axarında bəzən elə bir sadə və cazibədar bədii qaynaq tapılır ki, özünün ovsunlayıcı məziyyətlərinə görə tamaşaçısını heyrət və düşüncələr burulğanına sala bilir. Yaradıcılığı əsasən son qırx ili əhatə edən Seyfəddin Mənsimoğlunun (Məmmədvəliyev) təxəyyülünün nəticəsi olan ağacoyma işləri məhz belə sənət nümunələrindəndir. Özündə ağacoyma ilə xəttatlığı birləşdirən bu nümunələr zaman çərçivəsinə sığışmayan və məşhur “El sənəti el şöhrətidir” deyimini təsdiqləyən sənət möcüzələridir, desək, yanılmarıq.
Bu günlər 85 yaşını qeyd edən Seyfəddin Mənsimoğlunun bir qərinəlik yaradıcılıq yolunun başlanğıcı 1981-ci ilə təsadüf edir. Məhz həmin ildə o, ilk dəfə “Rəsmli türk ədəbiyyatı” kitabında xəttatlıq nümunələrinin sənətkar əlində hansı ecazkar görkəm aldığını görəndən sonra onda kağız üzərində olan və nəbati naxışları andıran bu ritmik xətt nümunələrini ağac üzərinə köçürmək istəyi yaranıb. Bir neçə ay ərzində o, Qurani-Kərimdən götürülmüş bir kəlamı qoz ağacından hazırlanmış lövhə (plaket) üzərində oyaraq, gözəlliyi ilə insanı valeh edən simmetrik bir kompozisiya yaratmışdır. Kompozisiyanın sağ tərəfini kəlamın ustalıqla yazılmış və ona ayrılan sahədə zərgər dəqiqliyi ilə yerləşdirilmiş orijinal-əsli, sol tərəfini isə onun tərsinə yazılmış güzgü əksi təşkil edir. İlk dəfə ictimailəşən bu əsər tamaşaçılar və sənət xiridarları tərəfindən böyük maraqla qarşılandı və Seyfəddin Mənsimoğlu haqqında orijinal bir janrın yaradıcısı kimi yüksək fikir söylədilər.
İlk uğur bu sahədə böyük təcrübəsi olmayan Seyfəddin Mənsimoğlunun mənəvi dəstəyi oldu və onu yeni yaradıcılıq axtarışlarına həvəsləndirdi. Bu nümunənin ardınca onun XVI əsrin görkəmli miniatürçü rəssamı Sultan Məhəmmədə, Azərbaycan poeziyasının korifeyləri Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzuliyə, müdriklər müdriki Dədə Qorquda, eləcə də Nəsirəddin Tusi, Üzeyir Hacıbəyli, Əlişir Nəvai, Mirzə Cəlil, Hüseyn Cavid, Aşıq Qurbani, Şəms Təbrizi, Cəlaləddin Rumi, Şah İsmayıl Xətai və başqa görkəmli şəxsiyyətlərə həsr etdiyi ağac lövhələr yarandı.
Ağacoyma sahəsində yaradıcılığa dini kəlamın yazılışı ilə başlayan Seyfəddin Mənsimoğlu bütün yaradıcılığı boyu dəfələrlə Qurani-Kərimdən götürülmüş müqəddəs kəlamlara bədii görüntü vermişdir. Etiraf edək ki, ustad məhz dini məzmunlu işlərində kəlamların tutumuna müvafiq qeyri-adi, şaşırdıcı incəlik nümunəsi sərgiləməyə nail olmuşdur. Doğrudan da, belə işləri görəndə bir daha inanırsan ki, axıcı ritmli, dərinliyi ilə özünün işıq kölgəsini, təzadlı görüntüsünü yaradan bu ağac lövhələr dəmirlə yox, qəlbin istisi və sevgisi ilə kəsilib, bədii görkəm alıb. Bunun həqiqət olmasını isə həmin əsərlərin tamaşaçı ağlını ovsunlaması şərtləndirir...
Bütün yaradıcılığı boyu o, demək olar ki, əksər ağac növlərini “sınağa” çəkib. Qırmızı ağac, fıstıq və qoz ağaclarında düşündüklərini ifadə etməyə nail olub. Əlavə edək ki, ağaclarda maddiləşən bu ecazkar yazıların kağız üzərində ilkin variantlarının yaranmasında tanınmış xəttat Müzafəddin Əzizov ustad Seyfəddinə yardımçı olub.
Seyfəddin Mənsimoğlunun adlarını çəkdiyimiz əsərlərində görkəmli şəxsiyyətlərin təkcə adları deyil, eyni zamanda onların yaradıcılıq aləmi ilə səsləşən elementlər və rəmzlər, eləcə də müxtəlif atributlar da verilir ki, bu da oyma nümunəsini daha da dolğunlaşdırır. Bu məsələdə rəssamlıq təhsili alması onun çox köməyinə çatır, desək, yanılmarıq. Təsvirlə yazının qovşağı olan bu işlər heyrətamiz zərifliyi, gözoxşayan axıcı ritmi, özünəməxsus ifadə tərzi və bədii novatorluğu ilə seçilir...
“Dədə Qorqud” əsərinin kompozisiyasını yazı ilə təsvirin uğurlu vəhdəti təşkil edir. Qoz ağacından hazırlanmış çevrə formasının mərkəzini yazı təşkil edir. Onun sağ yarısında nəfis xətlə yazılmış “Dədə Qorqud” sözü sol tərəfdə güzgü əksində də təkrarlanmışdır. Bu yazılar mərkəzdə görüntüyə gətirilmiş qopuzu əhatələyir. Kompozisiya çevrə formasının üzərindəki on üç medalyon-təsvirlə tamamlanır. Belə ki, onların mərkəzini Dədə Qorqudun, ətrafını isə eposu təşkil edən on iki boyun qəhrəmanlarının görüntüləri təşkil edir. Medalyonların arasındakı sahələrin döymə üsulu ilə işlənməsi təsvirlərin qabarıqlığını şərtləndirmişdir...
Ustadın Nizami Gəncəvi ünvanlı bir neçə əsəri də bədii həllinə görə bir-birindən fərqlənir. Onların birində – ellipsşəkilli qoz ağacının üzərində Nizami Gəncəvinin adı yazılmışdır. Güzgülü formada olan yazı açıq kitab üzərindədir. Sağ və sola açılmış kitabın aşağı hissəsinə qamışdan hazırlanmış qələmin əlavə olunması bu işin görünüşünü daha da maraqlı edir. Yazıların yuxarı hissəsini tamamlayan böyük şairimizin yan görünüşlü portreti isə qabartma üsulu ilə işlənmişdir. Ellipsin kənarında şairin hər bir əsərinə iki medalyon kəsilib dərinə salınmaqla miniatürlərdən fraqmentlər döymə üsulu ilə işlənmişdir.
Dahi söz xiridarına həsr olunmuş digər oyma nümunəsi isə ümumi formasına görə çevrə şəklindədir. Müəllifin ilk işlərindən olan bu əsər nisbətən sadə, güzgülü yazıdır. Fıstıq ağacı üzərində işlənmişdir. Hərflərin düzülüşü göz oxşayır. Bütün yaradıcılığı boyu əsərlərinin bədii-texniki həllinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirən ustadın bu oyma nümunəsində əldə etdiyi ovsunlayıcı tutumu ilk növbədə yüksək icra sənətkarlığı şərtləndirmişdir. Xətt axıcılığından qaynaqlanan ritmin bütün kompozisiyaya oynaqlıq bəxş etməsi görünəndir.
Seyfəddin Mənsimoğlunun görkəmli şairə Məhsəti Gəncəviyə həsr etdiyi kompozisiya da belə nümunələrdəndir.
Qoz ağacından hazırlanmış “Gəncəvi” sözü musiqi aləti udun üzərində, “Məhsəti” sözü isə aşağı hissəsində yarımdairəvi formada yazılıb. Udun yuxarı uzanan qolunun sol tərəfində Məhsətinin, sağ tərəfində isə həyat yoldaşı Əmir Əhmədin qabartma üsulu ilə portreti işlənmişdir. Kompozisiyanın həm də haşiyəsini təşkil edən bir qədər hündür ellipsvarı formanın üzərində isə şairənin rübailərindən biri həkk olunub...
Sənətkar dahi şairimiz Məhəmməd Füzuliyə formaca bir-birindən fərqli beş əsər həsr edib. Bu kompozisiyalarda şairin adından, portretindən və heyvan təsvirlərindən, eləcə də onun dərin məzmunlu kəlamlarından geniş istifadə olunub, son nəticədə çox dəyərli sənət əsərləri yaranıb...
Əcəmi Naxçıvaniyə həsr olunmuş əsərin ümumi formasını dahi memarın şah əsərlərindən olan onüzlü Möminə xatın türbəsinə yuxarı hissədən baxış təşkil edir. Başqa sözlə desək, güzgülü formada yazılmış “Əcəmi Naxçıvani” sözünü məhz bu çoxüzlü forma əhatələndirir. Kənar hissələrdə isə qurub-yaratmağı təqdir edən bayatı yazılmışdır...
Ustadın Mövlanə Cəlaləddin Rumi ünvanlı əsəri də maraqlı bədii həllə malikdir. Kompozisiya təkcə ellipsşəkilli formanın daxilində dahi filosofun adının tuğra şəklində yazılması ilə məhdudlaşmır. Bunu üzərində “Yallı” oynayanların siluetləri əks olunmuş ellipsin iç xəttinin hər iki tərəfdən çevrə əmələ gətirməsi şərtləndirir. Elə əsərin əsas məna-məzmun tutumu da məhz bu sahədə gerçəkləşdirilmişdir. Bunu çevrənin sağ tərəfində Mövlanənin portretinin və məqbərəsinin, sol tərəfində isə neyçalan musiqiçinin təsvirləri əyaniləşdirir...
Dahi miniatürçü Sultan Məhəmmədə həsr olunmuş kompozisiya da formaca maraq doğurur. Günbəzvarı qoz ağacı üzərində bir neçə dəfə təkrarlanan “Sultan Məhəmməd” sözləri aşağıdan başlayaraq zirvəyə doğru yüksələrək bir nöqtədə birləşir. Yazı arasındakı sahələri rəssamın işlərinin döymə üsulu ilə təqdim olunmuş fraqmentləri tamamlayır. Bu əsər Almaniyanın paytaxtı Berlindəki İslam Mədəniyyəti Muzeyinin Azərbaycan bölməsində saxlanılır...
Seyfəddin Mənsimoğlu bir çox əsərlərində ağacoymanın bədii-texniki imkanlarını genişləndirməyə də nail olmuşdur. Onun yazı nümunəsini avarlı qayığa bənzətməsi və bəzək elementləri ilə əhatələndirməsi, Şah İsmayıl Xətai dünyasını açıq vərəq üzərində portreti və qılınc-qələmlə təqdim etməsi, doğrudan da, çox təsirli və bədii məziyyətlərlə zəngin ağac görüntüləridir...
Sənətkarın hazırladığı bir neçə rəhil isə, ilk növbədə, konstruksiyalarının orijinallığı və naxış elementlərinin incəliyi ilə göz oxşayır. Rəhillərin birinin üzərinə kitab qoyulanda çevrəvarı konstruksiya sayəsində ağırlıqdan onun istiqaməti aşağıya doğru dəyişir və nəticədə onun maili vəziyyət almasına görə masa arxasında oturmaqla da, kitabı oxumaq olur. Ustad Seyfəddinin yaradıcı təxəyyülünün nəticəsi olan belə rəhillərdən biri hazırda Berlin İslam Muzeyinin Azərbaycan bölməsində, digəri isə uzun illər çalışdığı AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılır.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, respublikanın Əməkdar mədəniyyət işçisi Seyfəddin Mənsimoğlunun sənətkarlığını mütəxəssislər çox yüksək qiymətləndiriblər. O, dəfələrlə müxtəlif müsabiqələrin qalibi olub, əsərləri sərgilərdə müvəffəqiyyətlə nümayiş etdirilib. Bütün bunlar onun sənətinə və təmsil etdiyi xalqa həm də beynəlxalq şöhrət gətirib. Onun əsərlərinin Bakı, İstanbul, Berlin muzeylərində və neçə-neçə nüfuzlu şəxsi kolleksiyalarda saxlanılması da bunun təsdiqidir...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor