Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bugünlərdə mətbuata açıqlamasında Azərbaycan ərazisində yerləşən sanatoriyaların fəaliyyəti ilə bağlı danışıb.
   
   Sanatoriyaların əksəriyyətində məcburi köçkünlərin məskunlaşdığını deyən S.Mehbalıyevin sözlərinə görə, hazırda Həmkarlar İttifaqları Konfederasiyasının 1 kurort birliyi, 5 sanatoriya, 1 müalicə pansionatı və istirahət evi fəaliyyət göstərir: «Bu müəssisələrin 12600 çarpayı fondundan yalnız 2250-si sanatoriya-kurort müalicəsi və istirahət üçün istifadə edilir. Bunun bir səbəbi orada qaçqınların məskunlaşması, çarpayı fondunun bir hissəsinin işğal olunmuş ərazilərdə qalmasıdırsa, bir hissəsi də texniki cəhətdən istismara yararsız olduğuna görə konservasiya edilməsidir».
   Həmkarlar İttifaqları Konfederasiyasının sədri bildirib ki, sanatoriyaların yenidən qurulması istiqamətində işlər aparılır. 2008-2009-cu illərdə “Xəzər” turist bazasında, “Şəfa” müalicə pansionatında, “Şahdağ” istirahət evində əsaslı təmir, yenidənqurma işləri aparılıb. «Xəzər» turist bazasında istismarda olmayan 5 ədəd 10 nəfərlik daş kotteclərdə, “Şahdağ” istirahət evində və “Şəfa” müalicə pansionatında da təmir və yenidənqurma işləri aparılıb, müalicə otaqları yenidən qurulub, tibbi avadanlıqlarla təchiz olunub. Onun sözlərinə görə, «Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə» Dövlət Proqramının təsdiq olunmasından sonra sanatoriyalar və istirahət evlərində yenidənqurma işləri daha da sürətləndirilib. “Bilgəh”, “Abşeron”, “Günəşli” və “Qaranquş” sanatoriyalarında əsaslı təmir və yenidənqurma işləri aparılıb, Naftalan Sanatoriya-Kurort Birliyinin ərazisində isə 32 çarpayıdan ibarət yeni yataq korpusu tikilib istifadəyə verilib.
   Səttar Mehbalıyev əməkçilərə sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların verilməsi qaydasına da aydınlıq gətirib. Onun sözlərinə görə, yollayışların 10 %-i tam güzəştlə pulsuz, qalan 90%-i isə yollayışların dəyərinin yalnız 15%-i ödənilməklə verilir: “İşçilər iş yerlərində, tələbələr isə təhsil aldığı müəssisələrdə həmkarlar ittifaqı komitələrinə ərizə ilə müraciət edərək müalicə və istirahət üçün yollayışlar alırlar». Yollayışların dəyərinin 85%-i həmkarlar ittifaqı təşkilatı tərəfindən, 15%-i isə yollayış alan şəxs tərəfindən ödənilir. İlk növbədə şəhid ailələri, müharibə iştirakçıları, qaçqın və məcburi köçkün ailələri norma daxilində pulsuz yollayışlarla təmin olunurlar”. Məcburi Dövlət Sosial Sığorta vəsaitləri hesabına sanatoriya və kurortlardan 2008-ci ildə 16500 nəfərə yaxın, 2009-cu ildə isə 18500 nəfərə yaxın işçi yararlanıb.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar