ABŞ-ın Boston şəhərində yaşayan azərbaycanlı cazmen, pianoçu, Əməkdar artist Emil Əfrasiyab və sənət dostlarının iştirakı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş virtual konsert keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşən tədbirə Bakıdan teleaparıcı Saleh Bağırov moderatorluq edib.
Onlayn görüşü Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev açaraq Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən biri olduğunu vurğulayıb, dahi şairin yubileylərinin ölkəmizdə hər zaman təntənə ilə keçirildiyi qeyd olunub.
Tədbirin bədii hissəsində Nizami Gəncəvinin şeirlərinə bəstələnmiş əsərlər səsləndirilib. Xalq artisti Samir Cəfərov, Əməkdar artist Abbas Bağırov, Leyla Əfrasiyab-Babayevanın ifasında Nizaminin sözlərinə yazılmış musiqilər təqdim edilib. “Qaytağı” ansamblının rəhbəri, Xalq artisti Ənvər Sadıqov “Əhməd haradadır?” kinofilmindən instrumental musiqi və “Azərbaycan musiqi inciləri” adlı popurri, Əməkdar artist Emil Əfrasiyab pianoda “Vaqifsayağı” və “Əzizə” kompozisiyalarını ifa ediblər.
LALƏ