Respublika Gənclər Kitabxanası müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi Heydər Əliyev anadan olmasının 98-ci ildönümü münasibətilə videokonfrans keçirib.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva videokonfransı açaraq bildirib ki, ulu öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib.

Kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev Azərbaycanın hər bir sahədə inkişafında ümummilli liderin əvəzsiz xidmətlər göstərməsindən danışıb, dünya liderlərinin dahi rəhbər Heydər Əliyev haqqında söylədikləri fikirləri diqqətə çatdırıb.

Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru, tarix üzrə elmlər doktoru Mais Əmrahovun məruzəsi dinlənilib. O, Heydər Əliyevin Azərbaycanın rifahı naminə fəaliyyəti, Azərbaycan dilinin dövlət dili statusunu almasında rolu, elm, mədəniyyət xadimlərinə diqqət və qayğısından bəhs edib.

Videokonfransda “Gəncliyə dəstək üçün ümumi birlik” təşkilatının üzvü Pərvanə Abbasova dahi rəhbərə həsr olunmuş şeir söyləyib. Tamella Məmmədova “Azərbaycanda kitabxana quruculuğunun hamisi” mövzusunda çıxış edib.

Respublika Gənclər Kitabxanası Heydər Əliyev anadan olmasının 98-ci ildönümü münasibətilə Azərbaycan və ingilis dillərində məlumatlandırıcı videoçarxlar da hazırlayaraq sosial şəbəkə hesablarından paylaşıb.

***

F.Köçərli adına Respublika Uşaq Kitabxanası böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr etdiyi “Ulu öndər” adlı virtual kitab sərgisini oxuculara təqdim edib.

Virtual sərgidə hər kəsin xatirində əvəzsiz xidmətləri ilə əbədiləşən ümummilli liderin həyat və fəaliyyətini kitablar təqdim edilib.