Ölkəmizin Daşkənddəki səfirliyi və onun nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.

Tədbirdə Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar, Daşkənddəki ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Heydər Əliyevin səfirliyin binasındakı abidəsi önünə gül-çiçək dəstələri qoyulub. Ulu öndərin həyat və fəaliyyətinə həsr olunan kitab və fotolardan ibarət sərgiyə baxış olub.

Ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, ulu öndər ölkəmizə rəhbərliyinin hər iki dövründə respublikamızın inkişafı istiqamətində misilsiz işlər görüb. Səfir həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlar haqqında da söhbət açıb, 44 günlük Vətən müharibəsində Azərbaycanın böyük Qələbəsindən, torpaqlarımızın erməni işğalından azad olunmasından danışıb.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov ölkələrimiz arasında əlaqələrin bu səviyyəyə çatmasında Heydər Əliyevin xüsusi xidmətləri olduğunu diqqətə çatdırıb. O, Heydər Əliyevin qətiyyətli siyasətçi, yüksək liderlik keyfiyyətlərinə malik şəxsiyyət olduğunu vurğulayıb.

Özbəkistan Şərqşünaslıq Universitetinin müəllimi, dosent Adxambek Alimbekov, Azərbaycan diasporunun üzvü İsmayıl Məmmədov Heydər Əliyevi dünya şöhrətli siyasətçi, fenomen dövlət xadimi kimi xarakterizə ediblər.

Sonda “Heydər Əliyev” sənədli filmi nümayiş olunub.