Vətən müharibəsində xalqımızın birliyi, həmrəyliyi, müzəffər Ordumuzun qalibiyyət yürüşü və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində qazanılan möhtəşəm Zəfər eyni zamanda ümummilli lider Heydər Əliyevin ən böyük arzusunun reallaşdığı tarixi hadisədir. Heydər Əliyevin xatirəsi bu günlər dünyanın bir çox ölkələrində yaşayan həmvətənlərimiz, o cümlədən sənətçi soydaşlarımız tərəfindən ehtiramla anılıb.

Fransadakı səfirliyimiz, UNESCO yanında daimi nümayəndəliyimiz və Fransa Azərbaycanlıları Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə ulu öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə virtual konsert təşkil olunub.

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunmuş konsertdə ümummilli liderin sevdiyi mahnılar səslənib.

Fransanın Provans vilayətinin Pauline Viardot Konservatoriyasının professoru Səidə Zülfüqarova və Ecole Normale de Musique de Paris-Alfred-Cortot musiqi məktəbinin tələbəsi, “Qızıl açar” beynəlxalq musiqi müsabiqəsinin laureatı, gənc fleytaçı Ağarəhim Quliyev virtual konsertdə Azərbaycan və xarici bəstəkarların musiqilərini ifa ediblər.