«Yunanıstan hökuməti bu ölkədə dincəlmək istəyən Azərbaycan turistlərinə təhlükəsiz istirahət vəd edir. Yunanıstanın Azərbaycandakı səfirliyinin konsul şöbəsi bu ölkəyə getmək arzusunda olan Azərbaycan vətəndaşlarına hər gün vizalar verir». Bu sözlər Yunanıstan səfirliyinin yerli KİV-lərdə yer almış bəzi yazılarla əlaqədar yayılmış bəyanatında yer alıb.
Səfirlik Bakı-Xanya (Krit adası) birbaşa aviareysinin açılması layihəsinin dayandırılması məsələsinə də aydınlıq gətirib. Bəyanatda deyilir: ”Bu, Yunanıstan və Azərbaycan turoperatorlarının Yunanıstan Mədəniyyət və Turizm Nazirliyinin və bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə birgə layihəsi olub. Layihənin icrasının dayandırılması Yunanıstanın siyasi və iqtisadi problemləri ilə əsla bağlı deyil”.
Səfirliyin bəyanatında deyilir ki, Yunanıstan Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə bu il iyunun əvvəlində həmin ölkədə, o cümlədən Krit adasında səfərdə olmuş bir qrup Azərbaycan jurnalisti oradakı real vəziyyətin şahidi olub. Azərbaycan KİV-lərinin nümayəndələri çoxsaylı məqalə və videosüjetlərində dünyanın turizm ölkələri siyahısında haqlı olaraq ilk yerlərdən birini tutan Yunanıstanın turizm potensialı barədə öz təəssüratlarını bölüşüblər.