İtaliyanın “Giornale Diplomatico”, “Agenzia Nova”, “KmetroO” kimi kütləvi informasiya vasitələrində mayın 12-13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən “Xarıbülbül” musiqi festivalına həsr olunmuş məqalələr dərc olunub.

Məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 32 ildən sonra bərpa olunan festivalın qədim mədəniyyət beşiyi Şuşanın əsrarəngiz Cıdır düzündə keçirildiyi qeyd edilib.

Bildirilib ki, Prezident İlham Əliyev festivalın əhəmiyyətini vurğulayaraq, Azərbaycan xalqının bu günü 30 ilə yaxın səbirsizliklə gözlədiyini və nəhayət, bunun xalqın ötən payızda baş vermiş 44 günlük Vətən müharibəsində göstərdiyi fədakarlıq sayəsində mümkün olduğunu söyləyib. Prezident vurğulayıb ki, Azərbaycan xalqı məhz bu fədakarlıq nəticəsində Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı torpaqlarını azad edib.

İtaliya mətbuatı festivalın Azərbaycanın çoxmədəniyyətli ölkə olduğunu nümayiş etdirdiyini diqqətə çatdırıb: “Festivalda Azərbaycanda yaşayan xalqların sənət adamları iştirak ediblər. “Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “Ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur”.

Prezident İlham Əliyev Şuşanın tarixindən də danışıb. “Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar”, - deyə o bildirib. Dövlət başçısı deyib ki, Azərbaycan mədəniyyətinin Ermənistan tərəfindən dağıdılmış bu beşiyində artıq yenidənqurma prosesinə başlanılıb.

Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş festivalın birinci günü “Azərbaycan musiqisində multikulturalizm” adlı konsertdə ölkədə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış ediblər. Daha sonra Bülbül, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərova kimi görkəmli Azərbaycan sənətkarlarının unudulmaz ifalarının lent yazları təqdim olunub.

Məqalələrdə o da diqqətə çatdırılır ki, festival çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Əbədi imzalar” adlı not toplusu təqdim olunub. Topluya Azərbaycan bəstəkarlıq məktəbinin 6 görkəmli nümayəndəsi – Asəf Zeynallı, Cövdət Hacıyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi və Vasif Adıgözəlovun musiqi əsərləri daxildir. Qeyd olunur ki, “Əbədi imzalar” layihəsində Azərbaycanın başqa görkəmli bəstəkarlarının əsərlərinin də təqdimatı nəzərdə tutulur.