İyulun 13-də Bakı Əyləncə Mərkəzində Azərbaycan Turizm İnstitutunun (ATİ) ilk məzun buraxılışına həsr olunmuş tədbir keçirildi. Gecənin iştirakçıları arasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, müxtəlif dövlət qurumlarının təmsilçiləri, millət vəkilləri, ali məktəblərin rektorları, xarici ölkələrin Bakıdakı diplomatik korpusunun nümayəndələri, elm və mədəniyyət xadimləri, həmçinin ATİ-nin tərəfdaşı olan Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin prezidenti Hans Boyer də vardı.
Təntənəli tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə açıldı. Qonaqları ATİ-nin rektoru Cəfər Cəfərov salamladı. Sonra institutun dörd illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.
Rektor C.Cəfərov institutun fəaliyyətinə qısa ekskurs edərək bildirdi ki, 4 il əvvəl 200 tələbə ilə fəaliyyət göstərən ATİ-də bu gün 1130 tələbə bakalavr ixtisası üzrə təhsil alır: «2006-cı ildə cəmi 3 ixtisas üzrə tələbə hazırlığına başlamışdıq. Bu gün isə 11 ixtisas üzrə mütəxəssis hazırlayırıq. Eyni zamanda bu ildən ikinci ixtisas və magistr hazırlığına da başlamışıq».
C.Cəfərovun sözlərinə görə, ATİ-nin digər bir özəlliyi ikili diplom təcrübəsidir. İnstitutun bir qrup tələbəsi yerli diplomla birgə Avstriyanın məşhur Krems Tətbiqi Elmlər Universitetinin diplomunu da əldə edə bilir: «Sevindirici haldır ki, artıq Turizm İnstitutunun əksər məzunları ixtisaslarına uyğun işlə təmin ediliblər. Bu, cənab nazir Əbülfəs Qarayevin turizm sektorunun ixtisaslı kadrlarla təmin edilməsinə yönəlmiş ciddi səyi nəticəsində gerçəkləşib».
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Krems Tətbiqi Elmlər Universitetinin prezidenti Hans Boyer məzunlara öz təbriklərini çatdırdılar.
“Turizm İnstitutunun ilk məzun buraxılışı ölkəmizdə turizmin inkişafı üçün bir töhfədir. İnstitutun ilk məzunlarının qarşısında Azərbaycan turizminin dünya turizm bazarında layiqli yer tutmasına çalışmaq kimi məsul vəzifə durur. Diplom bir açardır, o açardan istifadə etmək lazımdır. Həmin açarla hansı qapını açmaq isə məzunun savadından, bacarığından asılıdır”, - nazir Ə. Qarayev bildirdi.
Turizm İnstitutunun 74 məzununa milli diplom, 14 nəfərə isə, milli diplomla bərabər, Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomu da təqdim edildi.
Tədbir milli rəqs nümunələri, muğam üçlüyünün ifası və digər musiqi nömrələri ilə davam etdirildi.
F.Abdullayeva