Mayın 15-də Qəbələ Dəmiryol Vağzalının və Ləki stansiyası – Qəbələ birxətli dəmiryolunun açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma məlumat verilib ki, Ləki stansiyası (Ağdaş rayonu) – Qəbələ birxətli dəmiryolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Dəmiryol xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,5 kilometrdir.

Diqqətə çatdırılıb ki, ümumilikdə layihə üzrə 122 süni mühəndis qurğusunun, Ağdaş dəmiryol dayanacağının, Qəbələ Dəmiryol Vağzalının və stansiyasının, Qəbələ dartı yarımstansiyasının tikintisi, həmçinin Hacıalı yarımstansiyasının təmiri işləri yerinə yetirilib.

Müasir yol-nəqliyyat infrastrukturu, ilk növbədə, vətəndaşların rahatlığına xidmət edəcək. Bu layihənin reallaşması Qəbələdən paytaxta və digər yerlərə gedən sakinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına hərtərəfli imkan yaradır. Dəmiryol xətti Qəbələdə turizmin inkişafına da mühüm töhfə olacaq.

***

Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu da bərpadan sonra istifadəyə verilib.

Dövlətimizin başçısına yeni körpünün və yolun texniki göstəriciləri barədə məlumat verilib.

Uzunluğu 310, eni 9 metr olan körpü sürücülərin və vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində mühüm rol oynayır. Çay üzərində körpünün istifadəyə verilməsindən sonra ətraf yaşayış məntəqələrinin sakinləri avtomobillə 6-8 dəqiqəyə rayon mərkəzinə çata biləcəklər.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, Bum çayı yatağının eni 703 metrdir, sululuğu həddindən çox olur: “Biz bu suyu borulara yönləndirirdik, insanlar gedirdilər. Bir güclü yağış yağanda yuyub aparırdı. İnsanlar rayon mərkəzinə gəlməkdən ötrü 30-35 kilometr məsafə qət edirdilər”.