Musiqimizin beşiyi olan Şuşamız illər sonra ən gözəl baharını yaşayır. Əsirlikdən qurtulmuş Şuşamız muğamımızın sədaları altında rahat nəfəs alır. Günəş bu bahar onu bir başqa salamlayır.

Vətən, oğullarınla fəxr edə bilərsən!

Kürəyi elinə dayaq, sinəsi düşmənə çəpər olan oğulların sənin nisgilinə son qoydu. Həsrət qaldığımız Cıdır düzündə indi dünya bizim mədəniyyətimizin şahidi olur. Buna görə şəhidlərimizə borcluyuq. Prezidentimiz İlham Əliyevin ətrafında bir yumruq kimiyik. O dəmir yumruğun bir hissəsiyik.

İgid oğul və qızlarımız tarixdə çox salnamələr yazıb. İkinci Qarabağ müharibəsi bu tarixin yeni bir səhifəsi oldu. Qarabağda, Şuşada 1989-cu ildə təməli qoyulmuş, torpaqlarımızın işğalından sonra yarıda qalmış “Xarıbülbül” musiqi festivalı bərpa olundu.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən festival hər birimizi qürurlandırdı. Otuz il sonra doğma Şuşanın səmasında, illər əvvəl olduğu kimi, “Qarabağ şikəstəsi” eşidildi.

Şəhidlərimizin əziz xatirəsinə həsr olunun “Xarıbülbül” festivalı xoş günlərinin əvvəlidir, əziz Şuşa. Axı sənsiz bu festivalı necə keçirə bilərdik? Həsrətimizi ifadə edə bilmədiyimiz kimi, sevincimizi də ifadə etmək mümkün deyil.

Bu festival tək musiqiçilər üçün deyil, hər bir Azərbaycan vətəndaşı üçün böyük bayramdır.

Festivalın birinci günü Azərbaycanda yaşayan azsaylı xalqların musiqisinə böyük yer verildi. Bu da təsadüfi deyildir. Cənab Prezidentin vurğuladığı kimi, 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşmüşdür. Bu da eyni zamanda, Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasının sübutudur. Vətən müharibəsindəki Qələbədə bütün icmaların payı, töhfəsi vardır. Otuz ildən sonra bərpa olunan “Xarıbülbül” festivalı həm də Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi. Burada biz, milli musiqi nümunələriylə yanaşı, müxtəlif folklor qruplarının ifasında avar, talış, kürd, ləzgi, udi, slavyan, tat, yəhudi, gürcü, saxur xalqlarının musiqisini dinlədik. Bu dostluğun, həmrəyliyin sübutudur. Festival həm azərbaycanlılara, həm də azsaylı xalqların nümayəndələrinə Qələbə hədiyyəsi idi. Zaqatala rayonunun ”Micaqna” folklor kollektivinin ifa etdiyi “Salam Alek” saxur xalq mahnısı insanlara müdriklik mesajı idi. Hətta tanımadığın bir insanla salamlaşmaq, əl uzatmaq, hal-əhval tutmaq səmimi qəlbdən gələn hissdir ki, mahnıda öz əksini tapmışdır.

Bülbül, Xan Şuşinski, Seyid Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərovanın ifalarının videotəqdimi keçmişlə bugünün bağlantısı təəssüratı bağışlayırdı.

“Xarıbülbül” festivalına etinasız qalmaq mümkün deyil. Baxmayaraq ki, Şuşada deyildik, lakin böyük həyəcanla, şövqlə, fəxr hissi ilə festivalı izlədik. Səmada pərvaz edən qartal da, sanki şəhidlərimizin dilindən iştirakçılara xeyir-dua verirdi. Qartalın simasında Şuşamız da sanki qəfəsdən çıxdı, azad oldu.

Festivalın ikinci günündə artıq Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında bəstəkarlarımızın bənzərsiz klassik əsərlərini dinlədik. Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” bu dəfə bir başqa səsləndi. Azərbaycanın vizit kartına çevrilmiş möhtəşəm musiqi Qələbəmizi, uğurumuzu Cıdır düzündən dünyaya car çəkdi.

Festivalda tək musiqi deyil, incəsənətin bütün sahələri təqdim olunurdu. Qonaqları əhatə etmiş rəngarəng “Xarıbülbül” maketləri üzərində Qarabağa səyahət etmiş yerli və xarici rəssamların təəssüratları əks olunmuşdu. Al-əlvan maketlərdəki bülbül sanki indicə çiçəyin üzərindən qalxıb, qanad çalıb, çiçəkdən-çiçəyə qonaraq cəh-cəh vuracaqdı... Bu mənzərəyə tamaşa etdikcə təbiətlə musiqinin vəhdətini duyurduq, hiss edirdik. Konsertdə səslənən muğam, mahnılar, ifa edilən rəqslər, bəstəkar musiqisi bir səma altında birləşib, təbiətin al-əlvan rənglərinə boyanırdı, çiçəklərin ətri duyulurdu.

Bütün musiqi nümunələri gözəlliyi, məhəbbəti təqdim edirdi. Bunlar bizi şah əsərə – V.Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasına gətirib çıxardı. Bu, musiqidə  atəşfəşanlıq idi. Bildiyimiz kimi, oratoriyada qəmli notlar var. Lakin əsər bu dəfə daha təntənəli səsləndi. Son 30 ildə Şuşaya, Qarabağa aid nəğmələr, mahnılar, klassik əsərlər yazıldı. Hər birində Qarabağa qayıdış ümidi var idi, hər birində bir həsrət, yaşanan kədər, bir nisgil hiss olunurdu. Artıq dönüş, qayıdış irihəcmli əsərlərdə, oda və simfoniyalarda əks olunmalıdır. Həmin əsərlərdə məğrurluğumuz, dillərə dastan olan qələbəmiz tərif olunmalıdır.

Başqa bir sevindirici hal isə festival çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusunun təqdim edilməsi idi. Layihə Heydər  Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. “Əbədi imzalar” toplusu Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada təbliği üçün əhəmiyyətli layihədir. Bu layihənin davamı da var. Biz həmişə deyirik Qarabağ istedadlar diyarıdır. Onlar Natəvan bulağından su içmiş, təbiətindən ruhlanmışlar.  Məhz belə tədbirlər sahib olduqlarımızı yeni nəslə ötürməyimiz üçün vasitədir. “Xarıbülbül” festivalı yeni istedadların üzə çıxmasına səbəb olacaq, onlar bizim olanı dirçəldib davam etdirəcəklər.

Ümummilli liderimiz Heydər Əliyevin “Şuşa Azərbaycanın gözüdür. ...Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir”  sözlərinin səsyazısını dinləyərkən və cənab Prezidentin nitqini izləyərkən qürurlanmamaq, kövrəlməmək mümkün deyildi.

Beləliklə, azad Şuşada, ana təbiətin qoynunda, Cıdır düzündə teatrlaşmış möhtəşəm konsertə tamaşa etdik. Əzəmətli “Xarıbülbül” festivalı mədəniyyətimizin, incəsənətimizin uğurudur.

Adilə YUSİFOVA
Əməkdar müəllim, professor, F.Əmirov adına İncəsənət məktəbinin direktoru