“Orada bir muzey var” rubrikasında oxucularımızı paytaxtdan kənarda – şəhər və rayonlarımızda fəaliyyət göstərən muzeylərlə tanış etməyə davam edirik. Bu dəfə yolumuzu Gəncədə yerləşən Nizami Gəncəvi Muzeyindən saldıq.
Gəncədə dahi şair və mütəfəkkirin xatirə muzeyi 1982-ci ildə yaradılıb. Elə həmin il ölməz şairin həyat və yaradıcılığından bəhs edən “Nizami” filminin bəzi kadrları da bu muzeydə lentə alınıb. Muzey 2014-cü ilə kimi şəhərin Təbriz küçəsində yerləşən Qızıl Hacılı tarix-memarlıq abidəsində fəaliyyətini davam etdirib. 2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Nizami Gəncəvi məqbərəsinin ərazisində müasir üslubda bina inşa olunub. 2014-cü ilin yanvarında Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı muzeyin açılış mərasimi keçirilib.
Nizami Gəncəvi Muzeyinin önündə sol tərəfdə dahi mütəfəkkirin büstü qoyulub. Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyev və Nizami Gəncəvinin guşələri yaradılıb, şairin həyat və yaradıcılığını əks etdirən monitor quraşdırılıb.
Ulu öndər dahi şairin yaradıcılığını yüksək qiymətləndirib, onun ədəbi irsinin təbliğinə mühüm töhfələr verib. Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1979-cu il 6 yanvar tarixli “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərarı Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Ölməz söz sənətkarının 1981-ci ildə qeyd olunan 840 illik yubileyi ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib.
Muzeyin Heydər Əliyev guşəsində ümummilli liderin Nizami haqqında fikirləri, habelə Gəncəyə səfərləri zamanı çəkilən şəkillər və s. sənədlər nümayiş olunur. Ulu öndər deyirdi: “Nizami Gəncəvi bu torpaqda yaşayıb, bu torpaqda öz dahiliyini göstərib, bu torpaqda öz ölməz əsərlərini yaradıbdır”. Guşədə həmçinin ümummilli liderin böyük portreti də yer alır. Bir sözlə, bu guşədə siyasət nəhənginin söz-fikir azmanının irsinə diqqət və qayğısı haqqında məlumat almaq mümkündür.
***
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu Nizami məqbərə filialının müdiri Gülnarə İsmayılova qeyd edir ki, muzeydə dahi şairin zəngin irsinin tədqiq olunması üçün elmi tədqiqat şöbəsi yaradılıb. Burada dahi mütəfəkkirin həyat və yaradıcılığı haqqında geniş məlumatlarla zəngin olan elektron məlumat köşkü də quraşdırılıb.
Muzeyin ikinci mərtəbəsində ulu öndərin və Prezident İlham Əliyevin Nizami Gəncəvinin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpası, əsərlərinin tərcümə və tədqiq olunması ilə bağlı sərəncam və qərarları ilə bağlı materiallar sərgilənir. Burada həmçinin mütəfəkkir şairin yubileyləri münasibətilə nəşr olunmuş kitab və monoqrafiyalar, müxtəlif toplular və digər nəşr örnəkləri nümayiş etdirilir.
Şairin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Xəmsə” və monoqrafiyalar, Avstriya, Rusiya, Almaniya, Böyük Britaniyanın milli kitabxanaları, habelə Misirin İsgəndəriyyə Kitabxanası, Fransanın Strasburq kitabxanası, Yel Universitetinin kitabxanası və ABŞ-ın Metropol Muzeyində qorunan nadir “Xəmsə” əlyazmalarının və miniatürlərinin orijinalları və nüsxələrindən ibarət xüsusi guşə də yaradılıb.
Sələflər və xələflər
Muzeydə “Sələflər və xələflər” guşəsi diqqətimizi xüsusilə cəlb etdi. Bu guşə Nizami ədəbi məktəbinin nümayəndələri və həmçinin o dövrün tanınmış ədəbi simalarının xatirələrinin əbədiləşdirilməsi məqsədilə yaradılıb. Burada Məhsəti Gəncəvi, Rəziyyə Gəncəvi, Doxtəri Xətib Gəncə, Əbülüla Gəncəvi, Əbubəkr Gəncəvi, Ömər Gənci, Qivami Gəncəvi, Məhəmməd Gəncəvi, Müsahib Gəncəvi, Möhsün Nəsiri və Mirzə Şəfi Vazeh kimi söz ustadları haqqında məlumat verilir.
Muzeyin ikinci mərtəbəsi “Xəmsə” qəhrəmanlarına həsr olunan xalçalar, İntibah dövrünü canlandıran etnoqrafik eksponatlar, rəssam və heykəltəraşların “Xəmsə” mövzuları ilə bağlı yaratdıqları əsərlərlə bəzədilib. “Xəmsə” miniatürləri əsasında toxunan süjetli, ipək, pambıq, yun-ipək qarşılıqlı bədii xalçalar, şairin əsərlərinin motivləri əsasında hazırlanan müxtəlif formalı çini qablar, heykəlciklər və fiqurlar ziyarətçilərin marağına səbəb olur.
Məşhur şəxsiyyətlərin Nizami haqqında fikirləri isə insanda böyük qürur hissi doğurur. Marqaret Tetçer, Süleyman Dəmirəl, Bill Klinton, Vaira Vike-Freyberqa, Vim Kok kimi müxtəlif ölkələrin tanınmış dövlət və hökumət başçıları, Misirin İsgəndəriyyə Kitabxanasının sabiq rəhbəri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin və başqa elm, mədəniyyət və din xadimlərinin sözləri Nizami Gəncəvi dühasına dünyada necə yüksək qiymət verildiyini bir daha təsdiq edir.
Muzeyin ikinci mərtəbəsində Nizaminin əsrlərdir dəyərini itirməyən aforizmləri, əsərləri əsasında yaradılan miniatürlər, eyni zamanda doğma yurdu Gəncəyə həsr etdiyi beytlər, Nizami Gəncəvi və Məhsəti Gəncəvinin portretləri əks olunmuş xalçalar sözlə sənətin vəhdətini əks etdirir. Binanın üçüncü mərtəbəsində isə konfrans zalı və kafeteriya mövcuddur.
***
Sonda öyrəndik ki, muzeydə ümumilikdə 542 eksponat var. Bunlardan 418-i ekspozisiyada nümayiş etdirilir. Muzeyin ən qədim eksponatı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təqdim olunmuş “Xəmsə”nin əlyazmaları və Qurani-Kərim nümunələridir.
Muzeyi dolaşdıqca dahi mütəfəkkirin yaradıcılığı bir daha gözümüzdə canlandı. Müdrikliyi, dərin fəlsəfi fikir və mülahizələri, zəngin təfəkkür tərzi ilə dünya şöhrəti qazanmış dahi Azərbaycan şairi Nizami Gəncəvi əbədi ömür qazanmış şəxsiyyətlərdəndir. Yolunuz Gəncəyə düşsə, siz də dahi şairin adını daşıyan muzeyə baş çəkin. Unutmayın ki, Nizami dühasından hər kəsə çatacaq nur payı var...
NURƏDDİN