Onu kədər motivlərinin mahir ifaçısı da adlandırmaq olar. Bəlkə də simasına, ruhuna yansıyan hüznlü ifadə, həmkarlarının, dostlarının dediyi və müxtəlif mənbələrin istinad verdiyi kimi, xoş olmayan uşaqlıq illərinin yadigarı idi. Elə buna görə də ömrünün sonunadək həyata incik münasibətini, küskünlüyünü yaradıcılığında xarakterizə etdi. Sənətə olan sevgisinə, fərdi istedadına görə isə kiçikplanlı rollarını belə yaddaşlarda həkk etməyə, sənətini tanıtmağa, sevdirməyə nail oldu. Sözsüz, səssiz obrazlarının istək və məramlarını həmsöhbətimiz qədər anladığımız, yaddaşımızda hardasa müəmmalı xarakter sahibi kimi canlandırdığımız, cılız, susqun, bəzən kədərli, bəzənsə çılğın personajlarının təfsirində vacib mesajlarını ötürdüyünün fərqinə vardığımız aktyor Kamil Məhərrəmovu (1941-1993) anadan olmasının 80-ci ildönümündə yada salırıq.
Kamil Məhərrəmov Azərbaycan kino sənətinin parlaq dövründə sənətə gəlmişdi. Aktyorun 40-dan çox ekran əsərində (bədii filmlər və “Mozalan” süjetləri) rol alması kiçik göstərici olmasa da, əsasən epizodik rollara dəvət alması təəccüb və təəssüf doğurur. Hər bir obrazı ilə rejissorların etimadını doğruldan, tamaşaçı tərəfindən sevilən, bununla belə yaradıcılıq qismətində uğursuzluq yaşayan istedad sahibinin sənət yoluna həmkarlarının bələdçiliyi ilə də nəzər salacağıq...
Qısa arayış...
Kamil Məhərrəmov 1941-ci il mayın 9-da Şamaxıda dünyaya göz açıb. Atası dərzi, anası evdar xanım olub. Üç uşaq böyüdən (iki qardaş, bir bacı) ailənin maddi vəziyyəti ürəkaçan olmadığından ailə Bakıya köçməli olub. Hələ uşaq yaşlarından sənətə maraq göstərən Kamil Məhərrəmov orta məktəbdə oxuyarkən dram dərnəyinə yazılıb. Lütfi Məmmədbəyovun sinfində sənət sirlərinə yiyələnib. Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra təyinatla Sumqayıt Dram Teatrına göndərilib. Teatrda fəaliyyəti ilə yanaşı müxtəlif janrlı filmlərdə irili-xırdalı rollarda çəkilib, “Mozalan” satirik kinojurnallarında yaddaqalan obrazlar yaradıb.
Adı çəkiləndə çöhrələrdə təbəssüm yaranan aktyorun “Nəvəmin nəvəsinin nəvəsi” Mozalan süjetindəki nəticə (içki və siqaret aludəçisi) obrazını xatırlamaq kifayət edir ki, bir cümlədə bütöv bir şəcərə, ailə üçün üz qarası olan məqsədsiz insanın yaşam tərzi qınaq obyektinə çevrilsin.
Kino fəaliyyəti
Yaradıcılıq qismətinə düşən rollarını bədii formaya uyğun, əsasən də sosial qrotesk vəziyyətində təqdim edən aktyorun kinoda debütü “Axırıncı aşırım” filmində kəndli rolu olub. Yaddaqalan mimika cizgilərinə, xarakterik keyfiyyətlərinə görə də təqdimatı peşəkar kinorejissorların diqqətindən yayınmayıb. Tədricən epizod və kiçikplanlı rollara dəvət alan istedad sahibi bədii filmlərdə fərqli rollarda çıxış edib. Kamil Məhərrəmovun özünəməxsus, fərqli çalarlarla təqdim etdiyi obrazlar – “Arvadım mənim, uşaqlarım mənim” kinoalmanaxına daxil olan eyniadlı novelladakı bostançı Fazil, “Dərviş Parisi partladır” kinokomediyasında Qəmbər, “Gözlə məni” kinodramında nökər, “Evlənmək istəyirəm” filmində Hüseyn, “Qara gölün cəngavərləri” tarixi filmində Əbdüləli, “Qayınana” kinokomediyasında alverçi, “Qızıl uçurum” kinodramında Qüdrət, “Yol əhvalatı”nda Paşa, “Bəxtəvər”də Gündüz və başqaları yaddaqalan ekran personajlarıdır.
Yuxarıda adları çəkilən personajların sevilməsində isə aktyorla yanaşı, ona doğru sənət istiqaməti verən, xarakter və üslubuna uyğun rol təqdim edən rejissorların da rolu böyükdür. Bu mənada Şamil Mahmudbəyov, Hüseyn Seyidzadə, Kamil Rüstəmbəyov kimi görkəmli kinorejissorların rol seçimi və mizanı aktyorun kinoda uğur qazanmasına səbəb olub. Məsələn, “Dərviş Parisi partladır” filmində Qəmbər obrazının hadisələrə və müasirlərinə olan münasibəti kinokomediyanın mahiyyətinin açılmasına şərait yaradır, savadsızlığı fonunda avam nökərin kor-koranə yaşam tərzi təəssüf hissi doğurur. Aktyorun şəraitə uyğunlaşdırdığı mizanları personajların, əsasən də müsyö Jordanın xarakterinin (Qəmbərin müsyö Jordandan çantasını zorla almaq istəməsi, onunla bitki və çiçəklər toplaması, qurudulmasına kömək etməsi və s.) daha qabarıq təqdimatına da kömək edir.
Bu yerdə sözügedən filmdə təcrübəçi rejissor kimi işləmiş Əməkdar incəsənət xadimi Ziyafət Abbasovun aktyorla bağlı fikirlərinə istinad edək: “Kamil Məhərrəmov obrazın daxili dünyasını duyan aktyor idi. “Dərviş Parisi partladır” filmində bunun bir daha şahidi oldum. Filmdə məşhur sovet aktyoru, Rusiyanın Xalq artisti Sergey Yurski ilə çəkilirdi. Yurski tərəf-müqabili kimi onu çox bəyənirdi. Kamil haqqında deyirdi ki, o, çox bacarıqlı və xarakterli aktyordur. Bu ifadənin özü onun istedadının sübutudur. Mən bir neçə dəfə Sumqayıt teatrında onun oynadığı tamaşalara da baxmışam. Hər dəfə Kamilin istedadının şahidi olmuşam”.
Xatirələrdə tanınmaq...
Təcrübə sübut edir ki, milyonların diqqətində olan kino onu sevdirənləri məşhurlaşdırır. “Azərbaycanfilm”də uzun illər kinooperator kimi çalışan, 60-dan çox sənədli filmin operatoru olan Fəramiz Məmmədovun fərdi müşahidələrinə əsaslanan qeydləri bu fikri bir daha təsdiqləyir. “Kamil Məhərrəmovun kinoya çəkilməyə həvəsi böyük idi. Yadımdadır, fasilə zamanı o, həmişə aktyor yoldaşları ilə çay süfrəsi ətrafında əyləşirdi. Rejissorlardan Kamil Rüstəmbəyovu, Rasim Ocaqovu və ya digərlərini görəndə onlar ayağa qalxırdılar və əyləşmirdilər. Rejissorların söhbətlərinə elə ayaq üstə qulaq asırdılar. Onlar kinostudiyaya məbədə gəlirmiş kimi gəlirdilər”.
Əməkdar incəsənət xadimi, tanınmış kinooperator Kənan Məmmədov: “Kamil Məhərrəmovun kinomuzda özünəməxsus yeri var. O, çox istedadlı bir insan idi. Həm aktyor, həm də insan kimi ona böyük hörmətim vardı. Çox nəcib insan, mehriban dost idi. Onunla bir neçə filmdə işləmişəm. Biləndə ki, işlədiyim filmdə Kamil də çəkiləcək çox böyük həvəslə çəkiliş meydançasında onunla görüşməyi gözləyirdim.
Çəkdiyim filmlərdə əsas ideyanı, hadisələrin məğzini tamaşaçıya bilavasitə çatdıran, baş rol iştirakçısı olan böyük aktyorlarla çox işləmişəm. Onu da qeyd edim ki, epizodik rolla filmin müəyyən ideyasını tamaşaçıya çatdırmaq özü də böyük istedad tələb edir. Belə rolu oynamağı da bacarmaq lazımdır. Kamil ona həvalə olunan rolu yaşayırdı və həmin kiçikplanlı obraza daxili potensialını verirdi. Ona görə də oynadığı rollar yadda qalırdı.
“Qara gölün cəngavərləri” filmində satqın (Əbdüləli) rolunda oynayırdı. Məşhur aktyorlarla, Xalq artisti Murad Yagizarovla, Tacikistanın Xalq artisti Həşim Qadoyevlə üz-üzə dayanırdı. Kamera qarşısında çox rahat olurdu, sərbəst şəkildə də onların fikrini tamamlayırdı. Mən həmin epizodları həmişə xatırlayıram və onun təqdimatını da bəyənirəm. Təəssüf edirəm ki, həyatdan tez getdi və yaradıcılıq potensialını kinoda tam aça bilmədi. Onun üçün xüsusi ssenari də yazıla bilərdi. Əminəm ki, həmin obrazı da gözəl yaradardı”.
Kinoaktrisa, pedaqoq Fərqanə Quliyeva: “Azərbaycanın böyük istedada malik aktyorları çoxdur. Onlardan biri də Kamil Məhərrəmovdur. “Gözlə məni” filmində onunla (Gülgəz rolu ilə) tərəf-müqabil oldum. O, zahirən və daxilən çox xarakterik, istedadlı aktyor idi. Kamil Rüstəmbəyov ona göstərişləri verirdi və bu bəs edirdi ki, rolun fərdi cəhətlərini lazımınca çatdırsın. Epizodik rollarda çəkilməsinə baxmayaraq, ona həvalə olunan obrazı yüksək səviyyədə yaradırdı. Çəkiliş meydançasında çox sərbəst olurdu, rolunu da ürəkdən oynayırdı. Onun kimi istedadlı bir aktyorun dünya arenasına çıxmasına, təəssüf ki, imkan olmadı”.
“Evlənmək istəyirəm” kinokomediyasında dövrlə bağlı bir sıra vacib nüanslar (sosial qanunauyğunsuzluq, ictimai bərabərsizlik, rəiyyətin yoxsulluq həddi və s.) məhz Hüseynin yaşayış tərzindən, hadisələrə münasibətindən, kədərli, nəmli gözlərindən, lal sükutundan tamaşaçıya əyan olur. Əməkdar incəsənət xadimi, kinorejissor Cahangir Mehdiyevin aktyor seçiminə münasibəti rolun mahiyyətini aydın şəkildə səciyyələndirir: “Kamil Məhərrəmovu hələ Sumqayıt Dövlət Dram Teatrında çalışdığı vaxtdan tanıyırdım. O, xarici görünüşünə, daxili potensialına görə tipajlar qalereyası idi. “Evlənmək istəyirəm” filmində Hüseyn roluna aktyor axtarırdım. Onu da deyim ki, bu rol üçün Xalq artisti Əliağa Ağayevi və filmdə Feyzulla rolunu oynayan Alim Səlimovu sınaq çəkilişi etmişdim. Amma yenə də həmin rola aktyor axtarırdım. Həmin vaxtlar təsadüfən kinostudiyada Kamillə görüşdük. Gözlərində dərin, qəribə bir həyat faciəsi var idi. Hüseyn obrazı da mübahisəli bir rol idi. Bəziləri bu personajın danışmasını istəyir, bəziləri isə səssiz qalması ilə razılaşırdı. Kamili həmin müəmmalı xarakterə uyğun görüb filmə dəvət etdim. O da obrazı mövzuya və xarakterə uyğun, yüksək səviyyədə təqdim etdi. Filmi Moskvaya aparanda sənət müəllimim – məşhur sovet kinorejissoru, SSRİ Xalq artisti Georgi Daneliyaya göstərdim. O da Hüseyn obrazını bəyəndi və mənə təklif etdi ki, “Fikirləş, Hüseyn dostlarını filmin finalında yola salanda Şamilin sevgisinə olan sədaqətindən, etibarından, onlardan ayrılacağından həyəcanlanaraq dili açılsın və həmin epizodda nəsə bir söz desin”. Mən bu təklifi bəyənsəm də, fikirləşdim ki, Hüseynin ani jesti filmin ritmini poza bilər. Buna görə də müəllimimin məsləhətini yerinə yetirmədim. Ancaq sonralar düşündüm ki, bəlkə də filmin finalında Hüseynin dilinin açılması, danışması daha maraqlı və yaddaqalan ola bilərdi. Ancaq ümumilikdə, Kamil Məhərrəmov çəkiliş qayda-qanunlarına dəqiqliklə əməl edən aktyor idi və potensiallı bir aktyor olaraq da bu rolun öhdəsindən bacarıqla gəldi”.
Şəhla ƏMİRLİ
kinoşünas